Modern.az

ARDNŞ hesabat verdi: “2013-cü ilədək ölkə ərazisinin 95 faizi qazla təmin olunacaq”

ARDNŞ hesabat verdi: “2013-cü ilədək ölkə ərazisinin 95 faizi qazla təmin olunacaq”

23 Yanvar 2012, 16:11

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilinə dair hesabatını açıqlayıb. Modern.az  ARDNŞ-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hesabata görə, bu gün Azərbaycanın nefti və qazı 7 kəmər vasitəsi ilə müxtəlif ölkələrə ixrac olunur.
Hazırda Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstan Azərbaycan qazının alıcıları sırasındadı. 2011-ci ildə Xəzərin enerji daşıyıcılarının Avropaya nəql edilməsi probleminin həlli istiqamətində praktiki addımlar atılıb.
Hesabatda qeyd olunub ki, ötən il Türkiyə və Azərbaycan arasında Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanıb.
“Məlum olduğu kimi, “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr qazın Türkiyəyə nəql olunması nəzərdə tutulur. Bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək. İzmirdə imzalanmış anlaşmalarda Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədi ilə mövcud nəql sistemindən istifadə edilməsi və ya buna alternativ variant kimi yeni boru xəttinin inşası nəzərdə tutulur.

Bu razılaşmanın məntiqi davamı olaraq, ilin sonlarına doğru Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Cümhuriyyəti Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında “TransAnadolu Təbii Qaz Boru Xətti (TANAP) Memorandumu” imzalandı. “TANAP” layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Layihə “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. Memorandumun imzalanması ilə müstəqil boru kəmərinin inşası istiqamətində hazırlıq işlərinə başlanılması və iki ölkə tərəfindən təyin edilən ortaq Konsorsiumun təsis olunması üçün şərait yarandı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Türkiyənin BOTAŞ və Türk Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətləri həmin Konsorsiumun təsisçiləri oldular”.

Hesabata görə, “Cənub Dəhlizi” çərçivəsində təqdim olunan nəql marşrutlarının (Nabukko, ITGI, TAP) hər biri hələlik gündəmdədir: təhlükəsizlik və kommersiya cəlbediciliyi baxımından rəqabətədavamlılığı isbat edilməklə həyata keçirilə bilər. Nəql marşrutunun seçilməsi prosesinin 2012-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır. Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqli istiqamətində digər variantlar üzrə də işlər davam etdirilir.

2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 mln. tona, qaz hasilatının isə 30 mlrd. kubmetrə çatdırılacağı nəzərdə tutulur. Bu o deməkdir ki, regionun və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaq. 2020-ci ilədək Avropanın enerji istehlakının 70%-nin, 2030-cu ilədək isə 85%-dək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda adıçəkilən layihələrin həyata keçirilməsi xüsusən böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, ixrac marşrutlarının şaxələndirilməsi Azərbaycanın da milli maraqlarına xidmət edir.

2011-ci ilin ən əhəmiyyətli hadisələrindən biri də sentyabr ayında Fransanın “Total” və “Gas de France” şirkətləri ilə birgə işlənilən “Abşeron” yatağının açılması oldu. İlkin hesablamalarına görə, “Abşeron” yatağının ehtimal olunan karbohidrogen ehtiyatları 340 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmindədi.

ARDNŞ dünya bazarına tək xammal deyil, emal və neft-kimya məhsulları da ixrac edir. Məlum olduğu kimi, ARDNŞ beynəlxalq tender nəticəsində Türkiyənin “Petkim” neft-kimya holdinqinin nəzarət-səhm paketini əldə edib və holdinqin idarəçiliyini həyata keçirir. Şirkətin idarəçiliyi dövründə “Petkim” ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olub. 2011-ci ildə “Petkim”in gələcək inkişafına böyük təkan verəcək əlamətdar bir hadisə baş verdi. Oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə holdinqin “STAR” neft emalı zavodunun təməlqoyma mərasimi keçirilib. Bu, Türkiyədə özəl sektor xətti ilə həyata keçirilən ən böyük investisiya layihəsidi. ARDNŞ-nin İzmirdə - Petkim yarımadasında inşa edəcəyi zavodun illik məhsuldarlığı 10 milyon ton həcmindədi. Ekoloji cəhətdən ən qabaqcıl texnologiyalar əsasında qurulacaq zavod təqribən 5 milyard dollara başa gələcək. “STAR” zavodunun istehsala başlaması ilə Türkiyə idxalatla özünü təmin etdiyi məhsullar üzrə milyardlarla dollarlıq valyutaya qənaət edəcək. Eyni zamanda, ARDNŞ hazır emal məhsullarının realizə edilməsindən böyük həcmdə əlavə mənfəət götürəcək.

Hesabatda bildirlib ki, 2013-cü ilədək ölkə ərazisinin 95 faizi “mavi yanacaq”la tam təmin olunacaq. Əhalinin təbii qazla fasiləsiz təminatı, qaz infrastrukturunun yenidən qurulması ilə yanaşı, müasir texnologiyaların tətbiqi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bakı şəhəri, ətraf qəsəbə və kəndlərin qaz təchizatı sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində işlər sürətlənib. 2011-ci ildə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi ilə Almaniyanın “E. ON Ruhrgas AG” şirkəti arasında Bakı şəhərində və Abşeron yarımadasında qaz təchizatı sisteminin müasirləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması haqqında imzalanan xidmət müqaviləsinə əsasən, “E. ON Ruhrgas” şirkəti tərəfindən qaz itkisinin qarşısının alınması və minumuma endirilməsi, habelə əhalinin artımı və sənayenin davamlı inkişafi nəticəsində gələcəkdə daha da yüksələcək qaz tələbatını ödəmək üçün Bakı şəhəri və Abşeron yarımadasında mövcud qaz təchizatı şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenidən qurulmasını həyata keçirmək məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulur.

Hesabata görə. ötən il yaradılan Bakı Ali Neft Məktəbində tədris prosesi  Azərbaycan və ingilis dillərində olmaqla ilk tələbələr 2012-ci ilin sentyabr ayında təhsil almağa başlayacaqlar.

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal