Modern.az

Bahar Muradova: “Çox istərdik ki, gözləntilərin müəyyən qismi özünü doğrultsun”

Bahar Muradova: “Çox istərdik ki, gözləntilərin müəyyən qismi özünü doğrultsun”

23 Yanvar 2012, 17:12

“Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə həmin ölkə tərəfindən təşkil edilən son illərdəki prezidentlərin ardıcıl görüşlərinin keçirilməsinin özünü  danışıqlar prosesinin vacib bir elementi kimi dəyərləndirirəm”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova söyləyib. Vitse-spiker hesab edir ki, bu görüşlərin müəyyən nəticələri olmasa belə, onların reallaşdırılması da məsələnin sülh danışıqları yolu ilə həllinə tərəflərin sadiqliyini göstərir. B.Muradova qeyd edib ki, bu, Azərbaycan tərəfindən səmimi olaraq belədir.
“Ermənistan tərəfinə gəldikdə isə, bizim üçün bir həqiqət var ki,bu, sadəcə, vaxtı uzatmaq və status-kvonu daha çox qorumaq məqsədi ilə atılan addımlardır. Amma bununla belə, bu görüşlər Minsk qrupunun həmsədrlərindən biri kimi və cənab Medvedevin şəxsində Rusiya tərəfinin danışıqlar prosesinə vermək istədiyi və verə biləcəyi töhfələrdən biri  kimi qəbul edilə bilər. Düşünürəm ki, bundan daha artıq ciddiyyət göstərilsəydi və Ermənistan tərəfinə  müəyyən  mənada təsir göstərmək  imkanlarından  maksimum  istifadə olunsaydı, bu səylər bəlkə də müəyyən nəticələr verə bilərdi. Amma özlüyündə bu cür görüşlərin  davam etdirilməsinin  sülh imkanlarının tam tükənmədiyinin bir sübutu kimi də qəbul etmək lazımdır”-deyə, o, bildirib.

Vitse-spiker onu da deyib ki, Azərbaycanın və ölkə başçısı İlham Əliyevin Qarabağ məsələsində mövqeyi çox qəti və aydındır: “Belə bir mövqeyə malik olan şəxs kimi cənab prezident  bu danışıqlarda iştirak edirsə, deməli, bu prosesin davamlı olmasında  maraqlıdır və müəyyən imkanların qaldığını hesab edir. Yəni, o, belə bir qənaətin sahibidir. Ona görə düşünürəm ki, bunu yalnız hələlik  bu aspektdən dəyərləndirmək düzgün olardı. Nəticəyə gəlincə isə, mən hansısa ciddi sonluqlar barədə proqnoz vermək imkanına malik deyiləm və vermək də istəmirəm. Çünki bizim bu yöndə  proqnozlarımız indiyə  qədər özünü doğrultmayıb. Bunu elə son Kazan görüşü də sübut etdi. Bir halda ki, dünyadakı  mövcud bir çox dairələr  bu görüşə çox böyük  ümidlər bağlayır və bu yöndə mövqelərini səsləndiridilər, ancaq  nəticə isə bu proqnozların heç birini doğurultmadı”.

B. Muradovanın eyni zamanda dediyinə görə, Kremlin mətbuat xidmətinin məlum bəyanatı  olub və orada da hətta, Kazan görüşünün özündə hansısa məqamların belə razılaşdırıldığı iddia  edilib: “Çox istərdik ki, belə bir fikir Soçi görüşündən də sonra səsləndirilsin. Azərbaycan tərəfi bilavasitə, dərhal sülh sazişi üzərində iş aparmağın  vacibliyini ölkə kimi, bu görüşdə  hansısa məqamlar razılşdırıla bilərsə, o hədəfə də çatmaq üçün  yolu bir az qısalda bilər və ya bu yolu qısaltmaq  mümkün olar. Ona görə hələlik bununla kifayətlənmək istəyirəm və çox istərdik ki, gözləntilərin müəyyən qismi özünü doğrultsun”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal