Bu gün Yasamal rayon Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Yeni Musavat” və "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddiaya baxılıb. Məhkəmə bu qəzetləri ayrı-ayrılırda 4 min manat məbləğində cərimə edib.
Məsələyə münasibət bildirən “Yeni Musavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan qeyd edib ki, onlar hüquqi baxımdan prosedura uyğun olaraq apelyasiya şikayəti verəcəklər.
“Gərəkən bütün hüquqi addımları atacağıq ki, bu haqsız, ədalətsiz məhkəmə qərarı bizim üzərimizdən götürülsün. Biz ən azı bu məhkəmə qərarını adekvat hesab etmirik. Anar Məmmədovun və onun vəkilinin mətbuatla bağlı davranışını da normal və düzgün qiymətləndirmirik”.
A.Ayxanın sözlərinə görə, onlar bu məsələni öz xeyirlərinə çevirəcəklər.
“Prinsip etibarı ilə il yarımdır gedən bu proses onsuz da mətbuatın, “Yeni Musavat” qəzetinin xeyrinədir. Sadəcə bizi 4 min manat məbləğində cərimələyiblər, onu da hüquqi yolla tam qanuna uyğun şəkildə öz üzərimizdən götürdəcəyik”-deyə A.Ayxan qeyd edib.
Qeyd edək ki, 2010-cu ildə "Azadlıq" və "Yeni Müsavat" qəzetində dərc olunmuş yazıya görə A.Məmmədov maddi təzminat olaraq bu qəzetlərdən üst-üstə 500 min manat istəyirdi. Həmin yazılarda Anar Məmmədovun restoranlardan birində saxlanılan ayını 1 milyon manat verərək kəsdirdiyi, dostları ilə birlikdə kabab çəkdirdiyi iddia olunurdu.
Aytən Əliyeva