Hüquq müdafiəçisi, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili Çingiz Qənizadə Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin çəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsinə münasibət bildirib.
Ç.Qənizadə Fransa Senatının qəbul etdiyi bu qərarı İkinci Dünya Müharibəsindən sonra Avropada qəbul edilmiş ən mürtəce, antidemokratik və hüquqa zidd bir qanun adlandırır:
“İnsanların sərbəst düşüncə, fikir və söz azadlığına qarşı yönələn bu qanun heç də Fransa xalqının mövqeyini əks etdirmir. Müzakirələrdə 60 senator iştirak edib ki, o da Fransa Senatının təxminən 8-də birini təşkil edir. Digərləri isə vəkalətnamə ilə səs verib.
Belə hesab edirəm ki, Fransa Konstitusiyasına zidd olan bu qanun Fransanın daxilində hüquqi çəkişmələrə hələ çox səbəb olacaq. Bu qanun, həm də Fransanın da qoşulduğu müxtəlif beynəlxalq konvensiyalara, BMT-nin və müvafiq beynəlxalq təşkilatların məramına və nizamnaməsinə ziddir.
Digər tərəfdən isə Fransa Senatı öz səlahiyyətləri çərçivəsindən kənara çıxaraq demokratik dövlətlərdə olduğu kimi, hakimiyyət bölgüsünün bir qolu olan Fransa Məhkəmə Hakimiyyətinin səlahiyyətlərini mənimsəyərək cəza nəzərdə tutan qanun qəbul edib. Demokratik dövlətlərdə isə vətəndaşların qanunla cəzalandırılması səlahiyyəti məhkəməyə aiddir. Əgər Fransa demokratik dövlət olduğunu sübut etmək istəyirsə Fransanın Konstitusiya Məhkəməsi bu qanunu dərhal ləğv etməlidir”.
Ç.Qənizadə qeyd edir ki, siyasi məqsədlərə, daha doğrusu Fransada növbəti prezident seçkilərinə hesablanaraq qəbul edilmiş bu qanun bir daha Fransa hakimiyyətinin erməni lobbisinin təsiri altında olduğunu göstərir:
“Təkcə Türkiyəyə deyil, həm də bütün Türk dünyasına qarşı yönəlmiş bu qanun hüquqa ziddir. Senatın bu qərarı, ATƏT-in Minsk Qrupunda həmsədrlərdən biri olan Fransanın yarıtmaz mövqeyini bir daha şübhə altına alır və Fransanın Minsk Qrupunda qalmasını məqsəd uyğun hesab etmirəm. Biz, hər zaman olduğu kimi bu məsələdə də Türkiyənin yanında olmalıyıq”.
Modern.az