Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının veb-saytı yeni dizaynda istifadəyə verilib. Konfederasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, AHİK-in yeni dizaynla hazırlanmış veb-saytı istər forma, istərsə də də məzmun baxımından rəngarəngliyi ilə əvvəlkindən xeyli fərqlənir. Saytın gündəlik olaraq yenilənməsi istifadəçilərə Azərbaycan, rus, ingilis dillərində yerləşdirilən informasiyalarla rahat və operativ şəkildə tanış olmağa imkan yaradır. www.ahik.org ünvanında yerləşən saytda daimi məlumatlar və pəncərələrlə yanaşı, bir sıra yeniliklər də edilib.
Əvvəlki saytdan fərqli olaraq indiki versiyada AHİK-in ünvanına onlayn müraciətlər və məktublar yazmaq, veb-səhifənin FAQ bölməsinə klik etməklə istifadəçiləri maraqlandıran suallar və cavablarla tanış olmaq mümkündür. Bundan əlavə, sayt istifadəçiləri həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı sorğuda iştirak edib öz səslərini verə bilərlər.
Saytda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatlarının, Azərbaycan Prezidentinin, Heydər Əliyev Fondunun, Nazirlər Kabinetinin və digər təşkilatların saytlarına keçid üçün bannerlər yerləşdirilib. Azərbaycanın tarixi, ərazisi, əhalisi, konstitusiyası, dövlət rəmzləri haqda məlumatlar da saytda öz əksini tapıb. Fəaliyyət göstərdiyi müddətdə saytın dizaynında müntəzəm olaraq yeniliklər edilməsi və daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Modern.az