Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2011-ci ilin yekunlarına dair hesabat konfransı keçirib. Modern.az xəbər verir ki, konfransda çıxış edən Şura sədri Azay Quliyev 2011-ci ilin QHT-lər üçün uğurlu olduğunu bildirib. O qeyd edib ki, ötən ildə Şuranın müxtəlif vaxtlarda keçirdiyi 4 maliyyə yardımı müsabiqəsində 350-dən artıq QHT-nin layihəsinı qrant ayrılıb. Layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin ümumi həcmi 2 milyon 102 min manat olub. A.Quliyev deyib ki, dəstəklənən layihələr qaçqın və məcburi köçkünlərin, əhalinin aztəminatlı təbəqəsinin sosial ehtiyatlarının ödənilməsi, təhsil, səhiyyə, mədəniyyət məsələləri ilə bağlı problemlərin həlli və ictimailəşdirilməsi üçün faydalı olub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov isə bildirib ki, ildə iki dəfə keçirilən ənənəvi müsabiqədən əlavə ötən il Şura korrupsiyaya qarşı mübarizə və turizm istiqamətində müsabiqə elan edib: “Müsabiqələrdə 338 layihəyə 2 milyon manatdan çox vəsait ayrılıb. Bu layihələr hesabına 690 nəfər daimi, 560-dan çox adam isə müvəqqəti iş yeri ilə təmin olunub”.
F.Qurbanovun sözlərinə görə, ötən il Şuranın maliyyələşdirdiyi layihələr çərçivəsində 250-dən çox nəşr işıq üzü görüb ki, bunlardan 52-si kitabdır.
Konfransda həmçinin Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi qanunla əlaqədar ölkə QHT-ləri adından bəyanat qəbul edilib.
Eyni zamanda tədbirdə 2011-ci ildə maliyyələşən layihələr və “Azərbaycan qeyri-hökumət təşkilatları” kitablarının təqdimatı da keçirilib.
Modern.az