Modern.az

Ədalət Partiyası bəyanat verib: “...Bu ölkədə dəyərlərə yer yox imiş...”

Ədalət Partiyası bəyanat verib: “...Bu ölkədə dəyərlərə yer yox imiş...”

26 Yanvar 2012, 16:12

Ədalət Partiyası “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin Fransa Senatında qəbul edilməsindən sonra bu ölkənin ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmasını tələb edən bəyanat yayıb. Modern.az-ın məlumatına görə, partiyanın bəyanatında deyilir:

- Ədalət Partiyası dünyada söz və mətbuat azadlığına töhvə vermiş Fransanın uydurma «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Senatda qəbul edilməsini təəssüflə qarşılayır və bunu orta əsrlərin ikrah doğuran özbaşınalıqlarına - insanın fikir və düşüncəsinə görə təqib olunmasına qayıdış hesab edir. 

Ədalət Partiyası Fransanın Avropa Birliyi, Avropa Şurası, ATƏT və s. beynəlxalq təşkilatların tərkibində inkişaf etməkdə olan ölkələrin qanunvericiliyini «avropa standartları»na uyğunlaşdırmağa həvəsləndirən  mütərəqqi hərəkətləri ilə bu qərarının daba-dabana ziddiyyət təşkil etdiyini bildirir. Fransa hökumətinin siyasətində söz və əməl arasında çox böyük fərqlərin ortaya çıxdığını bəyan edir.

Avropada insanın hüquq və azadlıqlarının yorulmaz, fədakar mütəfəkkir və mübarizləri, Fransada - Volter, Monteskye, İngiltərədə - Con Lokk, İtaliyada - Çezare Bekarie, Almaniyada  - Anseln Feyerbax (məşhur filosof L.Feyerbaxın atası) və başqaları insanın fikir və düşüncəsinə görə, təqib olunmasının əleyhinə çıxaraq Avropada və dünyada insan hüquq və azadlıqlarının müdafiəsi sistemini özündə əks etdirən bir fəlsəfi dünyagörüş və qanunvericilik sistemi formalaşdırılmasına təkan verdiyi halda müasir Fransanın bu hərəkətləri ilk növbədə özünün siyasi, mənəvi dəyərlərinə və mütərəqqi dünya sisteminə zərbədir.
1789-cu ildə Fransada qəbul edilmiş «İnsan və vətəndaş hüquqları haqqında» Bəyannamənin 10-cu və 11-ci maddəsində göstərilən «fikir və düşüncənin azad ifadə edilməsi insanın ən qiymətli sərvətidir, ona görə də hər bir vətəndaş azad şəkildə öz fikrini ifadə etmək, yazmaq, çap etmək, özünə qarşı ittihamlara cavab vermək hüquqlarına malikdir» kimi çox qiymətli və bəşəri xarakter daşıyan dəyərlər bu ölkənin özü tərəfindən pozulmuşdur.

Ədalət Partiyası bütün bunların habelə 4 noyabr 1950-ci ildə Romada qəbul olunmuş «İnsan hüquqlarının müdafiəsi və əsas azadlıqları» haqqında Avropa Konvensiyasının 9 və 10-cu maddəsində göstərilən, hər bir insanın düşüncə, vicdan və din azadlığı, öz fikrini azad şəkildə ifadə etmək hüququna malik olması prinsiplərinə zidd olduğunu bəyan edir. Eyni zamanda, bildirir ki, bu qərarlar həm də BMT-nin 10 dekabr 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18 və 19-cu maddələrində göstərilən hər bir insanın fikir, vicdan, din, əqidə azadlığı və onları azad şəkildə ifadə etmək hüququna malik olması prinsiplərinə ziddir.

Bütün bunlardan çıxış edərək Ədalət Partiyası təəssüflə bildirir ki,  Fransa Senatı bu qərarı ilə bəşəri dəyərlərə bu ölkədə yer olmadığını nümayiş etdirdi.

Ədalət Partiyası hesab edir ki, insanın hüquq və azadlıqları haqqında normalar sistemi bəşəriyyətin uzun əsrlər boyu apardığı mübarizəsi nəticəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri, ümumbəşəri sərvətdir. Odur ki, Fransanın bu hərəkəti ilk növbədə öz xalqına, habelə bəşəriyyətin böyük qurbanlar və əzablar hesabına əldə etdiyi mənəvi sərvətlərə hörmətsizlik sayılmalıdır.

Ədalət partiyası Fransada bu qərarın qəbul edilməsi ilə onun, eyni zamanda,  ATƏT-in Minsk qrupundakı həmsədrliyinin üzərinə kölgə saldığını və Dağlıq Qarabağ münaqişəsində bitərəf mövqe tuta bilməyəcəyini bildirir. Artıq Fransa Senatında qəbul olunan qərar bu ölkənin ermənipərəst mövqeyini nümayiş etdirərək, onun vasitəçilik səylərinə olan etibarını itirməsinə gətirib çıxarmışdır.

Bütün bunları nəzərə alaraq, Ədalət Partiyası -
1. Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmasının vacibliyini bildirir və bunun problemin həllinə yardımçı vasitə olacağını bəyan edir.

2. Habelə Ədalət Partiyası əvvəlki bəyanatlarında göstərdiyi kimi, Avropa qurumlarından - ATƏT, Avropa Şurası, Avropa Birliyindən Avropa ölkələrinin (Fransa, İsveçrə, Slovakiya) qanunlarının «Avropa standartları»na uyğunlaşdırılmasını tələb edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal