“Fransa Senatının qərarından sonra Türkiyənin bəzi qəzet və telekanallarında Azərbaycanın bu məsələdə mövqeyi ilə bağlı yazılımış yalan, böhtan, kin və nifrət dolu yazıları oxuyuram. Mən bunu edənlərin Türk insanı olduğuna inanmıram və inanmaq istəmirəm”.
Bunu Modern.az saytına Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.
O, qeyd edib ki, bunu Türk millətinin birliyini istəməyənlər edə bilər:
“Mən bunu edənlərin vicdanının olduğuna da inanmıram. Vicdanı olan bu qədər yalan yazmaz. Azərbaycan bu məsələdə birinci gündən uşağından böyüyünə qədər Türkiyəmizin yanında olub. İkincisi biz bunu təkcə Türkiyənin deyil, Türk millətinin nümayəndələri olaraq özümüzün də problemi hesab edirik. Millətimizə qarşı edilən haqsizliqlara qarşı mübarizə bizim borcumuzdur. Amma Türkiyədə nəyə və kimlərə xidmət etdiyi bilinməyən bəzi qəzet və telekanalların bu məsələni Azərbaycan əlehinə bir kompaniyaya çevirmək istəməsi, Azərbaycandan yüksələn etirazları və bu məsələnin qarşısının alınması istiqamətində görülən işləri görmək istəməməsi insanda dərin təssüf doğurur. Belələrinə sadəcə yazıqlar olsun. Amma onlar Türk millətini biri-birindən qoparmaq, incik salmaq, küsdürmək kimi niyyətlərinə heç zaman nail olmayacaqlar. Cənab prezident İlham Əliyevin də dediyi kimi qardaş qardaşa yardımının reklamını etməz. Azərbaycan bu gün də, sabah da hər zaman Türkiyənin yanında olacaq”.
Modern.az