Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun prezidenti Adrian Hevrik, institutun vətəndaş cəmiyyəti proqramları üzrə direktoru Delina Fico, Azərbaycanda sosial-iqtisadi inkişaf fəaliyyəti (SEDA) üzrə ölkə direktoru Tim Mədiqan, institutun Bakı nümayəndəliyinin təmsilçisi Ziba Quliyeva və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin demokratiya və idarəetmə üzrə mütəxəssisi Ülvi İsmayılla görüşüb.
Şuradan Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində institutun nəzərdə tutduğu işlər və bu sahədə Şura ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Qeyd olunub ki, proqram çərçivəsində ölkənin regionlarında dövlət, bələdiyyə, biznes qurumları, icmaların və QHT-lərin iştirakı ilə bir sıra kiçik infrastruktur layihələrinin həyata keçirilməsi və regiona aid olan digər məsələlərdə bu qurumlar arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyət növləri üzrə Şura katibliyi ilə institutun mütəxəssislərinin məsləhətləşmələr və müzakirələr aparmasının vacibliyi qeyd edilib. Proqram üzrə bir sıra komponentlərin gələcəkdə birgə həyata keçirilməsi və bu sahədə yaxın əməkdaşlıq edilməsinə müsbət münasibət ifadə olunub.
Modern.az