Xarici işlər naziri (XİN) Elmar Məmmədyarov senator Natali Qulenin rəhbərlik etdiyi fransız senatorlarından ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Nazirlik rəsmisi bildirib ki, qonaqları salamlayan E.Məmmədyarov bu səfərin ikitərəfli münasibətlərin inkişafında önəmli olduğunu vurğulayıb. Nazir E.Məmmədyarov 23 yanvar 2012-ci il tarixində Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinin Azərbaycan tərəfindən çox həssas və emosionallıqla qəbul edildiyini bildirib. E.Məmmədyarov qonaqlara Azərbaycanın ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu və 1 milyona yaxın qaçqının öz doğma torpaqlarından didərgin düşdüyünü xatırlatdırıb. Nazir AR XİN-in bu məsələ ilə bağlı bəyanatlar verdiyini senatorların diqqətinə çatdırıb.
E.Abdullayev onu da bildirib ki, nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə Fransalı senatorlara ətraflı məlumat verib. Azərbaycanın xarici işlər naziri senatorların bir sıra suallarını da cavablandırıb.
Nazirlik rəsmisi onu da bildirib ki, qonaqlar bu səfərin ikitərəfli münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasında çox önəmli olduğunu vurğulayıblar. Senatorlar “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinin Azərbaycanda həssaslıqla qarşılandığını hiss etdiklərini qeyd edib.
Nazir E. Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Görüş zamanı tərəflər arasında Aİ ilə Azərbaycan arasında perspektiv əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin xarici siyasətimizin ən yüksək prioritet təşkil edən məsələsi olduğunu vurğulayaraq, bu münaqişənin Azərbaycan üçün ən böyük problem olduğunu tərəf müqabilinin diqqətinə çatdırıb.
Nazir bildirib ki, münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələri tərəfindən işğal altında olması faktıdır. Nazir E.Məmmədyarov status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayaraq, status-kvonun dəyişdirilməsi üçün atılması vacib olan ilk addımın erməni silahlı qüvvələrinin işğal altında olan torpaqlardan çıxarılması olduğunu bildirib.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az