Gürcüstan paytaxtındakı “Sheraton Metexi Palas” mehmanxanasında Avropa Şurasının və Avropa Birliyinin təşəbbüsü və dəstəyi ilə “Qadınların siyasətdə rolu və cəmiyyət qarşısında vəzifələri” mövzusunda iki günlük konfrans başlayıb.
Bu barədə Modern.az saytına konfras iştirakçısı deputat Qənirə Paşayeva məlumat verib.
Konfransı Avropa Şurasının Gürcüstandakı ofisinin rəhbəri Katerina Bolonose açaraq deyib ki, tədbirdə “Seçkilərdə və siyasi partiyalarda qadınların iştirakı”, “İş və ailə həyatının uzlaşdırılması”, “Media sahəsində gender balansı” mövzuları müzakirə olunacaq və fikir mübadilələri aparılacaq.
Tədbirdə Gürcüstan parlamentinin sədr müavini Rusudan Karbelaşvili, Avropa Birliyi nümayəndəliyinin sədr müavini Boris Yaroşeviç və başqaları çıxış edərək qadınların siyasət və cəmiyyətdəki fəal rolundan və gender bərabərliyindən, seçkilərdə qadınların peşəkarlığından söhbət açıblar.
Konfransda Azərbaycanı Milli Məclisin deputatları Qənirə Paşayeva və Sahibə Qafarova təmsil edir. Onlar diskussiyalarda Azərbaycanda qadınların siyasətdə, elmdə və cəmiyyətdə fəal rolu barədə fikirlərini açıqlayıblar.
Tədbirin yekununda müzakirələr zamanı səslənən fikirlər əsasında fəaliyyət proqramı qəbul ediləcək.
Modern.az