Modern.az

Qənirə Paşayeva «Onun sevgi məktubları»na yeni təqdimat keçirib - FOTOLAR

Qənirə Paşayeva «Onun sevgi məktubları»na yeni təqdimat keçirib - FOTOLAR

Təhsil

10 Fevral 2012, 10:41

Azərbaycanlıların kompakt şəkildə yaşadığı Gürcüstanın Marneuli şəhərində millət vəkili Qənirə Paşayevanın  «Onun sevgi məktubları»  romanının təqdimatı keçirilib. Kitaba böyük maraq göstərən Marneuli rayonunun ziyalıları, gəncləri imzalanma mərasimində fəal iştirak ediblər.

Qənirə Paşayeva Gürcüstan azərbaycanlılarına  kitaba göstərdikləri diqqət və maraq üçün təşəkkür edib. Bunun üçün imzalamaya gələn hər kəsə xüsusi minnətdarlığını bildirən Qənirə Paşayeva kitabın da onların xoşuna gələrsə, bundan məmnun qalacağını qeyd edib.

Tədbirdə ötən ilin son iki ayı ərzində satış lideri olmuş «Onun sevgi məktubları» romanını alan və müəllifə imzalatdırmaq istəyən oxucularla kitab ətrafında fikir mübadiləsi və müzakirələr də aparılıb. Müzakirələr zamanı romanın müəllifi oxucuları maraqlandıran bir sıra sualları da cavablandırıb.

Millət vəkili bildirib ki, “Onun sevgi məktubları”nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək. Həmin qadının çox acınacaqlı şəraitdə yaşadığını bildirən Qənirə Paşayeva bu addımla bir qadının, bir ananın və onun üç körpəsinin həyat şəraitini qismən də olsa yaxşılaşdırarsa, bunun bir müəllif olaraq ona kitabın sevincindən daha böyük sevinc bəxş edəcəyini deyib. Kitabın ötən ayın satış lideri olmasından məmnun olduğunu deyən Qənirə Paşayeva göstərdikləri diqqətə görə bütün oxuculara təşəkkürünü bildirib.

Qeyd edək ki, «Onun sevgi məktubları» Azərbaycanın müasir  ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nəql edilən sevgi hekayəti qədər gerçəkdir.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal