Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Modern.az-ın xəbərinə görə, iclası Şura sədri Azay Quliyev açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. A.Quliyev Şuranın 2011-ci il fəaliyyətinin yekunlarını şərh edərək, il ərzində QHT sektorunun inkişafı naminə görülmüş işlərin böyük ictimai əhəmiyyətini və aktuallığını qeyd edib. Şura üzvləri hesabatla bağlı öz fikir və qeydlərini bildirərək onu təsdiq ediblər.
Şuranın 2012-ci il üçün elan etdiyi maliyyə yardımı müsabiqəsinin ilkin nəticələri barədə qeyd edildi ki, müsabiqəyə 541 layihə təklifi daxil olub, hazırda layihələr ekspert qiymətləndirməsindədir.
Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı QHT-lərin Şuraya müraciəti müzakirə edilib. Keçirilməsi nəzərdə tutulan tədbirin daha sanballı təşkilində QHT-lərə əməli yardım üçün bir neçə istiqamət üzrə peşəkar səviyyədə iş aparılması məqsədəuyğun sayılıb.
Cari məsələlər sırasında Şuranın 4 illik fəaliyyətinin yekunlarına dair bir sıra tədbirlərin həyata keçirilməsi müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
30 yanvar 2012-ci ildə elan edilmiş Şura seçkilərilə bağlı qeyd olunub ki, son günlər ölkədə hava şəraiti kəskin dəyişdiyi üçün QHT-lərdən sənəd qəbulu müddəti daha üç gün, fevralın 17-dək artırılsın.
Modern.az