Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü başa çatıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş “Rossiyskaya qazeta”nın redaksiyasında baş tutub. Qapalı keçirilən görüşdə müzakirə olunan məsələlər barədə media nümayəndələrinə məlumat verilməyib.
"Rossiyskaya qazeta”da görüş başa çatdıqdan sonra hər iki ölkənin nümayəndə heyətləri Mərkəz Ədəbiyyat Evinə gediblər. Hazırda görüş burada davam etdirilir.
Görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibi də məlum olub. Ziyalıların görüşündə Azərbaycanı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, Azərbaycan Dövlət Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlov təmsil edirlər.
Qeyd edək ki, görüşün bu gün keçiriləcəyi barədə xəbər Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində yer alıb.
Xatırladaq ki, bu Azərbaycan və Ermənistan ziyalılarının sayca üçüncü görüşüdür.
Modern.az