Ölkəmizin Qazaxıstan Respublikasının Aktau şəhərinidəki Baş Konsulluğu Xocali soyqiriminin 20 illiyi ilə bağlı sislsilə tədbirlər keçirir. Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə keçirilmiş tədbirdə, həmçinin Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərliyi, yerli kütləvi informasiya vasitələri nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl tələbələr tərəfindən Aktau şəhərinin müxtəlif yerlərində və Baş konsulluğun həyətində Xocalı soyqırımında həlak olanlarının xatirəsinə həsr olunmuş və dünyanın müxtəlif dillərində “Xocalıya Ədalət” sözləri yazılmış yüzlərlə qara rəngli şar səmaya buraxılıb.
Daha sonra tədbir iştirakçıları Baş konsulluqda Xocalı soyqırımı faciəsini əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar ilə tanış olublar. Tədbir iştirakçılarına həmçinin tələbələr tərəfindən “Xocalıya ədalət” kompaniyasının loqosu ilə hazırlanmış döş nişanları paylanılıb.
Aktaudakı Baş konsulluqda keçirilən tədbirdə isə Xocalı soyqırımının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov 20 il əvvəl Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım haqqında geniş məlumat verib. Ermənilərin 200 il ərzində xalqımıza qarşı apardığı soyqırım siyasətindən geniş danışıb. Rəşad Məmmədov həmçinin, İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevralından “Xocalıya ədalət” kompaniyasının keçirilməsi haqqında məlumat verərək, Xocalı soyqırımının dünya ölkələri rəhbərləri və parlamentləri tərəfindən siyasi qiymət verilməsinin vacibliyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Yusif Quliyev, diasporun fəal üzvü, istefada olan mayor Bəxtiyar Məsimov çıxışlar edərək, ermənilər tərəfindən xalqımıza qarşı törədilən cinayətlərdən danışıblar.
Tədbirə toplaşan tələbələr adından Ş.Y.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Firuzə Məsimova, Hüseyn Məmmədov, Aynur Hacıyeva və İlkin Orucov çıxışlar edərək, Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş ən amansın cinayət olduğunu qeyd edərək və bu hadisələrin beynəlxalq ictimaiyyətə, o cümlədən Qazaxıstan gəncləri arasında düzgün və ətraflı məlumatların çatdırılmasının vacibliyini vurğulayıblar. Tələbələr bu cinayətin cəzasız qalmamasının vacibliyini bildirərək, Aktauda təhsil alan tələbələr adından dünyanin aparıcı dövlətlərinin başçılarına və parlamentlərinə müraciət qəbul ediblər. Müraciətlə bağlı tələbələr tərəfindən Manqistau vilayətinin ali təhsil müəssisələrində imza toplama aksiyasına start verilib.
Çıxışlardan sonra tədbir iştirakçılarına www.justiceforkhocaly.org. saytı haqqında məlumat verilib və Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Xocalı soyqırımı ilə bağlı həmçinin 26 fevral tarixində Baş konsulluğun konsul dairəsinə daxil olan Manqistau, Aktyubinsk, Atırau və Qərbi-Qazaxıstan vilayətlərində fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatları tədbirlər keçirəcəklər. Baş konsulluq tərəfindən vilayətlərdəki diaspor təşkilatlarımız lazım olan təbliğat materialları və filmlərlə təmin olunublar.
Ləman Ağayeva
Qazaxıstan