Modern.az saytı AzərTAc-a istinadən bildirir ki, fevralın 23-24-də Vyanada ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) 11-ci qış sessiyası keçirilir.
Sessiyanın ilk günü ATƏT PA-nın hər üç komitəsinin birgə iclası olub. İclasda ATƏT PA-nın prezidenti Petros Eftimiu və Avstriya Parlamentinin prezidenti Barbara Prammer açılış nitqi ilə çıxış ediblər. Sonra ATƏT-in Baş katibi Lamberto Zannyer ATƏT məkanındakı cari vəziyyət, eləcə də rəhbərlik etdiyi qurumla Parlament Assambleyası arasındakı əməkdaşlıq barədə çıxış edib. Sonra Baş katib ATƏT məkanında keçirilən seçkilərə nəzarət, təhlükəsizliyin gücləndirilməsi, radikallaşmanın terrorizmə çevrilmə təhlükəsi və bundan törəyən fəsadlar, Gürcüstandakı ATƏT missiyası, Suriyadakı cari vəziyyət və digər mövzular barədə deputatların ünvanladığı sualları cavablandırıb.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova söz alaraq, deputatların diqqətini həll olunmamış münaqişələr və işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarına, onlara qarşı törədilmiş soyqırıma yönəldib. Vitse-spiker qeyd edib ki, bu günlərdə Azərbaycan xalqı insanlığa qarşı ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 20-ci ildönümünü qeyd edir. B.Muradova Fransa Senatının məlum qərarının söz və fikir azadlığının məhdudlaşdırdığını, Fransanın Minsk qrupu həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində obyektivliyini sual altına qoymuş olduğunu vurğulayıb.
Sessiya zamanı B. Muradova həmçinin Dubrovnikdə ATƏT PA-nın payız sessiyası çərçivəsində keçirilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi debatlardan Azərbaycan parlamentarlarının gözləntiləri ilə bölüşüb. O, ATƏT PA-nın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında görüşlərin keçirilməsində yardımçı olacağına xüsusilə ümidli olduğunu ifadə edib.
Modern.az