Milli Məclisin Xocalı soyqırımın 20-ci ildönümünə həsr edilmiş xüsusi iclası davam edir.
Modern.az xəbər verir ki, Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Xocalı sıyqırımın 20-ci ildönümü ilə bağlı xüsusi məruzə ilə çıxış edib.
O, 26 fevral tarixinin hər il Azərbaycan xalqı tərəfindən qeyd edilyini deyərək bildirib ki, Xocalıda ermənilərin dinc əhaliyə qarşı törətdiyi qırğın insanlığa qarşı ən böyük cinayətdir.
Daha sonra Ziyafət Əsgərov Xocalı soyqırımı cinayətində iştirak edən bəzi erməni hərbçilərinin adlarını çəkib və onlar içərisində hazırda Ermənistanın müdafiə naziri Seryan Ohanyanı xüsusi vurğulayıb.
I vitse-spiker vurğulayıb ki, ermənilərin bu addımı beynəlxalq hüquqa görə soyqırımı faktı olmasına baxmayaraq, təəssüf ki, dünya birliyi Xocalı soyqırımını görməməzliyə vurur.
Daha sonra deputat Fəzail İbrahimli bildirib ki, Xocalı soyqırımı barədə danışarkən təkcə erməni vəhşiliyinə deyil, onların havadarlarına da diqqət yönəlməlidir.
Millət vəkili Əli Məsimli deyib ki, Xocalıda uşaq qatili, ana qatili olanlar cəzalarına çatmalıdır. O, Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfransın təşkilinə ehtiyac olduğunu da söyləyib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun sözlərinə görə, Xocalı faciəsi bir etnosa qarşı yönəldilmiş soyqırımdır: “Xocalı faciəsinin qurbanları məhz azərbaycanlı, müsəlman olduğuna görə öldürülüblər”.
S.Novruzov 1992-ci ildə Azərbaycanın rəhbərliyində olmuş şəxslərin başının hakimiyyət uğrunda mübarizəyə qarışdığını da söyləyib.
Modern.az