Ermənistanın paytaxtı Yerevandan səfərdən qayıdan deputat Azay Quliyev fevralın 24-də “Media forum” saytına açıqlama verib.
O deyib ki, Ermənistana səfəri zamanı atasının məzarını ziyarət etmək fikrində olub: “Mən Sisiyan rayonunun Urud kəndində doğulmuşam. Atam biz deportasiya olunana qədər, yəni 1988-ci ilə qədər vəfat etmişdi. Başqa yaxınlarımın da qəbri oradadır. Çox istəyirdim Uruda gedim, qəbirləri ziyarət edim. Bu istəyimi Yerevanda erməni rəsmilərinə bildirdim. Dedilər ki, indi Ermənistana çoxlu qar yağıb və yol pisdir. Yerevandan Sisiyana üç saatlıq yoldur. Amma dedilər ki, heç cür mümkün deyil, yol pisdir.
Mən bu məsələyə Ermənistan prezidenti Serj Sərkisyanla görüşdə də toxundum. Amma Sərkisyandan xahiş etmək kontekstində yox. Dağlıq Qarabağ məsələsi müzakirə olunanda Serj Sərkisyan bu bölgəyə müstəqilliyin verilməli olduğunu dedi. Mən buna reaksiya verərək bildirdim ki, Ermənistanda doğulmuşam, öz torpağımdan deportasiya olunmuşam, əzizlərimin qəbri Sisiyanın Urud kəndindədir, neçə ildir onların məzarını ziyarət etmək imkanım yoxdur. Görüşdə dedim, bütün bunları ona görə bildirirəm ki, qoy buradakı Avropa parlamentarları da eşitsin. Serj Sərkisyan mənim bu çıxışıma heç bir reaksiya vermədi”.
Azay Quliyev fevralın 21-23-də Ermənistanda olub. O, Yerevana “Avronest” Parlament Assambleyasının nümayəndə heyətinin tərkibində getmişdi.