Ötən gün Xocalı soyqırımının 20 illiyi ilə bağlı İstanbulda, Taksim meydanında keçirilən kütləvi aksiyalarda indiyə qədər görünməmiş sayda insan iştirak edib.
Hətta tədbirə qatılan bu ölkənin daxili işlər naziri İdris Naim Şahin indiyədək Taksimin bu qədər adam görmədiyini dilə gətirib.
Xocalıların Milli Məclisdəki təmsilçisi, Taksim mitinqinin iştirakçısı Elman Məmmədov bu tədbirə qiymət verərkən qeyd edib ki, möhtəşəm bir aksiya keçirilib: “Bu, həm də bütün dünyaya mesaj idi ki, türkün birliyi, gücü var.
Bu tədbirdə türk dünyası bəşəriyyətdən haqq tələb etdi. Türk dünyası Azərbaycanın işğal olunmuş torpaqlarına azadlıq tələb etdi. Taksimdəki möhtəşəm mitinq bunu dünyaya çatdırdı”.
Deputat deyib ki, Fransa kimi dövlətlər olmayan bir məsələni öz parlamentində qəbul edirlər: “Hətta bu ölkədə uydurma “erməni soyqırımı”nı inkar edənlərə cəza tətbiq edən qərar qəbul olunub. Halbuki, bunun heç bir sübutu yoxdur. Ancaq Xocalı soyqırımının mənim kimi minlərlə şahidi var. Fransa niyə dünyanın gözü qarşısında ermənilərin törətdiyi Xocalı soyqırımını qəbul etmir.
Mən açıq şəkildə bildirmək istəyirəm, əgər başda Ermənistan prezidenti Sərkisyan olmaqla Xocalı soyqırımının təşkilatçıları cəzalandırılmasa, belə soyqırımlar davam edəcək. Dünya ermənilərə “Yox!” demədikcə, qətliamları, soyqırımlarını stimullaşdırmış olacaq”.
E. Məmmədov “Bizim bütün hüquqlarımız tapdanıb. İndi öz evimizə qayıtmaq istəyirik, buna mane olurlar. Biz haqq istəyirik. Taksimdəki mitinq bir daha göstərdi ki, insanlar ədalətsizliyə qarşı necə birləşirlər. Mən Türkiyədəki Xocalı soyqırımı ilə bağlı tədbirdən qürur duydum” deyə qeyd edib.
Modern.az