Binəqədi rayonu Ziya Bünyadov küçəsi ev 13 v, mənzil 23 ünvanda yaşayan Nəcəfov Ənvər redaksiyamıza müraciət edərək 18 sakinin illərdən bəri istifadə etdiyi qarajın Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas olmadan sökülməsi barədə göstəriş verilməsindən şikayətlənib.
Vətəndaş Ə. Nəcəfov bildirib ki,1991-ci ildən sakinlərin İbrahim Paşa Dadaşov küçəsində istifadə etdiyi qarajın qeyri-qanuni olaraq sökülməsi barədə qərar verilib. Onun sözlərinə görə, sakinlər iki ay əvvəl Binəqədi rayon İcra Hakimiyyətinə dəvət olunaraq xəbərdarlıq edilib ki, onlar üçün yaxınlıqda yerləşən məktəbin ətrafında qaraj tikiləcək. Belə ki, məktəbin idman zalının yerində ikimərtəbəli bina tikiləcək ki, onun da birinci mərtəbəsini sakinlər qaraj kimi istifadə edə biləcəklər. Bununla razılaşan sakinlər sonradan tamam başqa bir mənzərə ilə üzləşiblər. İki gün əvvəl yenidən İcra Hakimiyyətinə dəvət olunan sakinlərə bildirilib ki, artıq sözügedən ərazi başqa bir təşkilatın balansına verilib. İcra Hakimiyyətinin qərarı ilə sakinlərə qaraj tikilməsi üçün başqa ərazidə yer ayrılıb:
«Biz təklif olunan əraziyə baxdıq. Lakin həmin ərazi sakinlərə qaraj kimi istifadə üçün sərfəli deyil. Çünki yeni təklif olunan ərazi ilə bizim yaşadığımız küçə arasında təxminən on beş kilometr məsafə var. Belə çıxır ki, biz on beş kilometr kənar ərazidə maşınlarımızı saxlamalı, oradan isə piyada evimizə qayıtmalıyıq. Həm də təklif olunan yer dəmir yolunun ətrafındadır. Bu isə sakinlər üçün sərfəli deyil və xeyli çətinliklər, əlavə problemlər yaradır. Bu səbəbdən Binəqədi rayon İcra Hakimiyyətinə bildirdik ki, həmin ərazi qaraj kimi istifadə üçün uzaq olduğundan sakinlər bununla razılaşmır. İcra Hakimiyyətindən isə yaxın ərazidə torpaq sahəsi ayrmaq əvəzinə bildirdilər ki, istəməsiniz qarajlar məhkəmə vasitəsilə söküləcək».
Ə. Nəcəfov bildirib ki, sakinlərin yeganə istəyi ondan ibarətdir ki, Binəqədi rayon icra hakimiyyəti sakinlərə qaraj tikməkdən ötrü yaxın ərazidə yer ayırsın. Çünki 18 qarajın tam əksəriyyətinin lazımi sənədləri var və həmin qarajlar qanuni istifadədir. Binəqədi rayon İcra Hakimiyyəti isə sakinləri məhkəmə ilə hədələyərək qarajları söktürmək niyyətinə düşüb. Artıq yaranmış vəziyyətlə bağlı sakinlər Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, Baş prokuror Zakir Qaralova və Binəqədidən deputat seçilmiş Milli Məclisin sədri Oqtay Əsədova müraciət ediblər.
Modern.az