Heydər Əliyev Fondu və “Xocalıya ədalət” kampaniyasının təşkilatçılığı ilə Latviya və Estoniyada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunan tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyin əməkdaşları, diasporun nümayəndələri, Latviya Seyminin üzvü, parlamentin Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Aleksandr Sakovski, Avropa Parlamentinin Latviyadan olan üzvü, eyni zamanda, Avropa Parlamentindəki Azərbaycan dostluq qrupunun üzvü olan A.Mirski, Milli Məclisin deputatları Fuad Muradov, Sahibə Qafarova, Diasporla iş üzrə Dövlət Komitəsinin idarə rəisi İlham Məmmədov, yerli KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər..
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı barədə elektron təqdimat vasitəsilə məlumat verilib, film və azərbaycanlı gənclər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Latviyadakı Azərbaycan diasporunun nümayəndələri tərəfindən Fransanın bu ölkədəki səfiri xanım Ş.Puareyə müraciət qəbul edilib və imza toplanıb.
Mərasimdə millət vəkili Fuad Muradov Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış edib.
Estoniyanın paytaxtı Tallinn şəhərində də anoloji tədbir olub. Tədbirdə Avropa Parlamentinin üzvü İ.Tarand, AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel, Estoniya-Azərbaycan parlament qrupunun sədri E.Əfəndiyev, Estoniya Parlamentinin üzvləri, Estoniya Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, ölkədə insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, Azərbaycan icmasının, habelə digər milli icmaların nümayəndələri, yerli kütləvi informasiya vasitələri, ali təhsil müəssisələrinin tələbələri, Tallində akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin deputatları F.Muradov və S.Qafarova, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa şöbəsinin müdiri İ.Məmmədov və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Estoniyanın sabiq prezidenti A.Rüytelin müraciəti oxunub.
O, müstəqillik yolunda apardığı mübarizədə Azərbaycan ilə Estoniya arasında tarixi paralel olduğunu bildirib, Azərbaycanın təcavüzə məruz qaldığını vurğulayıb.
A.Rüytel Xocalı faciəsi kimi insanlığa qarşı törədilmiş cinayətlərin qəbuledilməzliyini nəzərə çarpdıraraq cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyini bildirib.
Tədbirdə əsas məruzəçi qismində çıxış edən AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel Azərbaycanın zəngin mədəniyyətə və tarixə malik olduğunu, Azərbaycan xalqının böyük millət olduğunu söyləyib.
A.Herkel Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən SSRİ dağılarkən sovet məkanında yalnız Ermənistanın təcavüzə əl atdığını qeyd edib.
O, Estoniya ictimaiyyətinin Azərbaycan xalqının Xocalı faciəsi ilə bağlı hisslərini bölüşdüyünü bildirib və Dağlıq Qarabağ münaqişəsinin həllinin regionun inkişafı üçün vacib amil olduğunu diqqətə çatdırıb.
Millət vəkili F.Muradov “Xocalı soyqırımı beynəlxalq qanunvericilikdə” məruzəsi ilə çıxış edib. Deputat Xocalı soyqırımının hüquqi aspektlərinə toxunub və Xocalı faciəsinin soyqırımı kimi tanınmasına bütün əsasların mövcudluğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Digər deputat S.Qafarova isə çıxışında hərbi cinayətkarların qurbanı olmuş uşaq və qadınların işgəncələrə məruz qaldıqlarını və Xocalı soyqırımı törədən şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.
Tədbirə yekun vuran səfir Tofiq Zülfüqarov öz növbəsində deyib ki, Xocalı faciəsini törətmiş şəxslər Beynəlxalq Tribunal qarşısında cavab verənədək insanlığa qarşı törədilmiş cinayət davam etməkdədir.
Səfir Azərbaycan xalqı ilə həmrəyliyinə görə Estoniya ictimaiyyətinə təşəkkür edib. Tədbirdə Xocalı soyqırımı haqqında xüsusi olaraq hazırlanmış “Justice call” filmi nümayiş etdirilib və sərgi təşkil olunub.
Tədbir iştirakçılarına Xocalı soyqırımına aid Heydər Əliyev Fondunun hazırladığı materiallar paylanıb.
Modern.az