Martın 1-də günün ikinci yarısında Quba rayonunda yenidən etiraz aksiyası keçirilib. Modern.az saytının məlumatına görə, bu barədə hazırda Qubada olan jurnalistlər məlumat veriblər. Onlar bildiriblər ki, aksiya rayon Polis Şöbəsinin qarşısında keçirilib.
Aksiya iştirakçıları saxlanılan etirazçıların sərbəst buraxılmasını tələb ediblər. Nəticədə Polis şöbəsinin qarşısında Daxili Qoşunların əsgərlərilə etirazçılar qarşıdurma baş verib, yaralananların olduğu bildirilir.
Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edildiyi söylənilir. Əsgərlər arasında da xəsarət alanlar var.
"Azadlıq" qəzetinin məlumatına görə, Qubanın icra başçısı Rauf Həbibov bu dəqiqələrdə istefa verib. Rayonun deputatı Vahid Əhmədov aksiya keçirən əhalinin qarşısına çıxaraq bu barədə məlumatı çatdırıb. Deputat onu da deyib ki, hadisələr zamanı saxlanılan 22 nəfərdən 20-i buraxılıb, 2-i də buraxılacaq.
***
Bu dəqiqələrdə verilən məlumata görə etiraz aksiyasında saxlanılanların hamısı azadlığa buraxılıb. Bundan sonra aksiyaçılar rayon Polis Şöbəsinin qarşısından dağılmağa başlayıblar, vəziyyət sabitləşib.
Modern.az