Modern.az

Slavyan Universitetində tələbələrin media rəhbərlərilə görüşü oldu – FOTOLAR

Slavyan Universitetində tələbələrin media rəhbərlərilə görüşü oldu – FOTOLAR

1 Mart 2012, 18:12

Martın 1-də Prezident yanında Küt­ləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Slavyan Universitetinin tələbələri və ölkənin aparıcı media qurum­larının rəh­bər­ləri arasında görüş keçirilib. Tədbirdə Slavyan Univer­si­tetinin rəhbər şəxs­ləri, professor-müəllim heyəti və tələbələri, habelə ölkə­nin aparıcı kütləvi infor­masiya vasitə­lərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla ilk belə görüşün 2011-ci ilin martında keçirildiyini bildirib.
İlk görüşün kifayət qədər yara­dıcı ab-ha­vada keçdiyini xatırladan Kamal Abdulla deyib ki, bunun nəti­cəsi kimi uni­versitet tələbələrinin və professor-müəllim heyətinin kütləvi infor­masiya vasi­tələri ilə əlaqələri genişlənib. Tələbə­lərə ötən il təc­rübə keçmək və praktiki vərdişlərə yiyələnmək imkanı yaratmış redaksiyalara minnət­darlıq ifadə edən Kamal Abdulla Fondun layihəsini yüksək dəyər­lən­dir­ib, belə görüşlərin xüsusən də jurnalistika fakültəsinin tələ­bələri üçün müs­təsna əhəmiyyətini diqqətə çəkib.

Professor Kamal Abdulla həmçinin ölkə qəzetlərində ədəbiyyat əlavələrinin azlığını, gənclərin ədəbi yaradıcılığının stimullaşdırılması üçün bu sahədə müəyyən layihələrin həyata keçiril­məsinə ehtiyac olduğunu qeyd edib. 

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Slavyan Universitetinin professor-müəllim heyətini və tələbələrini salamlayaraq deyib ki, belə görüşlərin keçirilməsində məqsəd tələbə jurnalistlərin kütləvi infor­ma­siya vasitələri ilə əməkdaşlığının genişləndirilməsidir. İlk belə görü­şün ötən il Slavyan Universitetində keçirildiyini xatırladan Vüqar Səfərli bunun nəticəsi kimi ayrı-ayrı qəzet redaksiyalarının sonuncu kurslarda oxuyan 15 tələbə ilə mü­qavilə imzaladığını, həmin tələbələrin 4 ay müddətində tədris təcrübəsi keç­diyini, onlarla ayda 100 manat məbləğində əmək haqqı verildiyini bildirib.
Fondun icraçı direktoru həmin tələbələrinin bir neçəsinin müqavilə imzaladıqları qə­­zetlərdə indi də əməkdaş kimi çalışdıqlarını razılıqla bildirməklə yanaşı onu da əlavə edib ki, bunda məq­səd həm də tələbələrin jurnalist kimi formalaşmasına yardımçı olmaq, onlarda praktiki peşə vərdişləri əxz etməkdir. Onun sözlərinə görə, belə görüş­lərin təşkili istedadlı tələbələrin qəzet redaksiyalarına cəlb olunmasına və gələcəkdə normal jurnalist kimi formalaşmasına zəmin yaradır.

Vüqar Səfərli həmçinin bildirib ki, universitet tələbələrinin redaksiyalarla əməkdaşlığa cəlb olunması həm də ciddi mətbuat orqanlarının maraq dairəsin­dədir. Fondun icraçı direktoru hesab edir ki, belə görüşlərin nəticəsi kimi bəzi redak­si­yalar kadr çatışmazlığı probleminin müsbət həllinə nail olacaqlar. Slav­yan Univer­si­te­­tində müxtəlif xarici dillər üzrə tərcüməçilərin hazırlandığını bildirən Vüqar Sə­­­­fərli bir sıra qəzet redaksiyalarında həmin kadrlara ciddi ehtiyac oldu­ğunu əlavə edib.

Fondun icraçı direktoru ümidvar olduğunu bildirib ki, görüşün nəticəsi olaraq qəzetlərdə təcrübə keçmək üçün daha çox tələbə redaksiyalara mü­raciət edəcək. Vüqar Səfərli qəzetlərlə müqavilə imzalayacaq tə­lə­bə­lərə hər ay 100 manat əmək haqqının da veriləcəyini diqqətə çatdırıb.  

Daha sonra görüş diskussiya formasında davam etdirilib. Slavyan Universite­ti­nin jurnalistika və Azərbaycan filologiyası, tərcümə və regionşünaslıq fakül­tə­lə­ri­nin müəllimləri çıxışlarında belə görüşlərin təşkilinin əhəmiyyətindən söz açıblar. Həmin fakültələrin çoxsaylı çoxsaylı tələbələri isə onları maraq­landıran suallarla KİV rəhbərlərinə müraciət ediblər. «525-ci qəzet»in baş redak­toru Rəşad Məcid, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Yeni Azərbaycan» qəzetinin baş redak­toru Hikmət Babaoğlu, «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mir­zəbəyli, «Azərnyus» qəzetinin baş redaktoru Fazil Abbasov, «Palitra» qəzetinin baş redaktoru Namiq Əliyev, «Yeni Müsavat» qəzetinin baş redaktor müavini Azər Ayxan və başqaları tələ­bə­ləri maraqlandıran sualları cavablandırıb, onlara tapşırıq və tövsiyələrini ver­ib­lər. Tədbirdə həmçinin, tələbələrin bəzi qəzet redaksiyaları ilə əməkdaşlıq et­məsi ilə bağlı ilkin razılıq olunub.

Tədbirin sonunda çıxış edən Vüqar Səfərli görüşdə nümayiş etdirdikləri fəallığa görə Slavyan universitetinin müəllim və tələbələrinə minnətdarlığını bildirib. Fondun icrası direktoru görüşün nəticəsi ola­raq Slavyan universi­tetinin tə­ləbələrinin KİV redaksiyaları ilə əlaqələrinin daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.




Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal