Modern.az saytının verdiyi məlumata, Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Böyük Britaniyanı Engelbert Hamperdinkin təmsil edəcək. Əsl adı Arnold Corc Dorsi olan bu dünyaşöhrətli bariton 45 illik uğurlu musiqi karyerasına sahibdir. Onun səsyazıları bu vaxtadək 150 milyon nüsxə ilə satılıb. 4 “Qremmy” sahibinin 63 qızıl və 24 platin musiqi albomu var. Bundan əlavə Engelbert Hamperdink Hollivudda və Los Ancelesdəki “Şöhrət xiyabanı”nda ulduzu olan məşhurlardandır. O, dünya şou-biznesinin varlıları siyahısında 5-ci yerdədir. Engelbert Hamperdink bu vaxtadək 80 musiqi albomunu təqdim edib.
Müğənni ölkəsini builki “Eurovision” Mahnı Müsabiqəsində təmsil etməkdən və müsabiqənin bir parçası olmaqdan şərəf duyduğunu söyləyib.
Engelbert Hamperdink Bakı səhnəsində ifa edəcəyi mahnını London, Los Anceles və Naşvill şəhərlərində yazdıracaq. Mahnı bir çox məşhurlarla işləyən Martin Terefe və Sacha Skarbek tərəfindən təqdim olunacaq.
Xatırladaq ki, “Eurovision” ailəsinin “böyük beşliyi”nə daxil olan Böyük Britaniya mayın 26-da birbaşa final şousunda iştirak etmək hüququna malikdir. Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink müsabiqə ərəfəsində 76 yaşını qeyd edəcək.
Modern.az