Modern.az

Türkiyənin Azərbaycandakı səfirliyi açıqlama yaydı

Türkiyənin Azərbaycandakı səfirliyi açıqlama yaydı

2 Mart 2012, 15:15

Türkiyə Cümhuriyyətin Azərbaycandakı səfirliyi Xocalı qətliamının 20-ci ildönümündə Türkiyədə təşkil edilən tədbirlər barədə açıqlama yayıb. Səfirlikdən Modern.az-a bildirilib ki, Xocalı soyqırımı qurbanları aşağıdakı tədbirlərdə anılıb:

1. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyası 22 fevral 2012-ci il tarixində yaydığı bəyanatla, Xocalıda meydana gələn hadisələrin beynəlxalq hüquq müstəvisində bəşəriyyətə qarşı cinayət olduğunu, bu vəhşiliyin ağrısını türk milləti olaraq qəlbimizdə hiss etdiyimizi və bu qətliamı pislədiyimizi bildirib.

2. Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan 28 fevral 2012-ci il tarixində partiya iclasındakı çıxışında 26 fevral 1992-ci ilde Xocalıda 83-ü uşaq, 106-ı qadın və 70-dən çoxu yaşlı olmaqla 613 günahsız insanın Erməni təcavüzkarları tərəfindən vəhşicəsinə öldürüldüyünü, Xocalıda öldürülən qardaşlarımızı bir daha rəhmətlə yad etdiyimizi, Azərbaycana bir daha Türkiyənin həmrəylik mesajlarını çatdırdığımızı qeyd etmişdir: “Qoy hamı bilsin ki, biz Xocalı qətliamını unutmayacağıq, unutdurmayacağıq, orada qətl edilən qardaşlarımıza, günahsız insanlara yas tutmağa davam edəcəyik”.

3. TBMM-nin Türkiyə-Azərbaycan parlamentlər arası dostluq qrupu 23 fevral 2012-ci il tarixində məsələ ilə bağlı olaraq mətbuata açıqlama vermiş və Xocalı hadisələri ilə bağlı bəyanat qəbul etmişdir.

4. 28 fevral 2012-ci il tarixində TBMM-də çıxış edən millət vəkilləri qətliamı pisləmiş, qardaş Azərbaycan xalqına başsağlığı diləmişlər. Bu kontekstdə Türkiyənin elm, sənaye və texnologiya naziri cənab Nihat Ərgün Xocalı qətliamı ilə bağlı çıxışında dinc sakinlerə qarşı həyata keçirilən bu qətliamın unudulmadığını bildirmiş və “Xocalı qətliamı insanlığın yaxasında bir utanc vesiqesidir” cümləsiylə hislərini ifadə etmişdir.

5. Türkiyə Xarici İşlər Nazirliyində 23 fevral 2012-ci il tarixində İslam Konfransının Dialoq və Əməkdaşlıq Gənclik Forumunun başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı qətliamının 20-ci ildönümü səbəbiylə təşkil edilən rəsm sərgisinin açılışı olmuşdur. Sərgi münasibəti ilə Xarici İşlər Nazirliyində anım tədbiri də keçirilmişdir.

6. 24 fevral 2012-ci il tarixində Türkiyədəki məscidlərdə oxunan cümə xütbələrində Xocalı hadisələri yad edilmiş, Azerbaycan xalqının ağrıları paylaşılmışdır.

7. İstanbulun Taksim meydanında 26 fevral 2012-ci il tarixində keçirilən son illərin ən izdihamlı yürüşündə yüz minə yaxın adam iştirak etmiş, daxili işlər nazirimiz cənab İdris Naim Şahin məsələ ilə bağlı çıxış etmişdir. Bundan başqa Ankarada da yürüş təşkil edilmişdir.

8. Eyni zamanda Ankara, Kocaeli, Mersin, Adana, Nevşehir, Bursa, İzmir, Mardin, Şanlıurfa, Sivas, Kayseri, Erzurum, Samsun, Denizli, Zonguldak, Çanakkale, Kırşehir və daha bir çox şəhərdə, hətda bir çox rayonda Xocalı hadisələrinin anım tədbiri keçirilmişdir. Rəsm sərgiləri, panellər, çıxışlar, teatr səhnələri kimi bir çox fəaliyyətin yer aldığı və millət vəkillərinin, sənət adamlarının, yazıçıların da iştirak etdiyi bu tədbirlərdə GHT-lər və universitetlər böyük rol oynamışdır. 

9.   TRT tərəfindən hazırlanan Xocalıda meydana gələn və bəşəriyyət üçün utancverici bir hadisə olan bu mövzunun ələ alındığı “Hamımız Xocalılıyıq” sənədli filmi TRT-yə məxsus televiziya kanallarında iki dəfə yayımlanmışdır. Bu məsələ TRT-yə məxsus 18 kanalda müxtəlif programlarda müzakirə mövzusuna çevrilmişdir. 

10. Türk mətbuatı bu kontekstdə həyata keçirilən tədbirlərə böyük əhəmiyyət vermiş, İstanbuldakı anım tədbiri başda olmaqla bir çox tədbir keçirilmiş və beləliklə  Xocalıda Azərbaycanlı qardaşlarımızın yaşadığı zülm bir daha türk xalqına çatdırılmışdır.

11. Xaricdəki türk diplomatlar ölkələrdə təşkil edilən anım tədbirlərində iştirak etmişdir.

12. Bundan əlavə GHT-lər tərəfindən də bir çox tədbirlər təşkil edilmişdir.

13. Xocalı faciəsi ölkəmizdə il boyu təşkil ediləcək bir çox tədbirlərlə yad edilməyə davam edəcək.

“Bu qətliamın nəticələri və qurbanlarının çəkdiyi əzablar bütün dünya tərəfindən bilinməlidir. Türkiyə bu vəhşiliyin beynəlxalq ictimaiyyətə çatdırılması və bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi istiqamətindəki haqlı mübarizəsində Azərbaycana dəstək verməyə davam edəcək”-deyə səfirlikdən bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal