Modern.az

Səməd Seyidov ADU-da yeni xəbər verdi - FOTOLAR

Səməd Seyidov ADU-da yeni xəbər verdi - FOTOLAR

2 Mart 2012, 16:42

Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin yaranmasının 3 illiyinə həsr olunmuş “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda  dəyirmi masa keçirildi. ADU-nun  İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Zaman-Azərbaycan” qəzetinin baş direktoru Süleyman Ünal, “Novaya Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Pillələr” qəzetinin baş redaktoru Şöhlət Abbas, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçun Mirzəbəyli, AzTV-nin “NIGHT NEWS” proqramının baş redaktoru Şaiq Məmmədov, “ATV İnternational” telekanalının baş redaktoru Azər Xəlilov və ölkənin aparıcı KİV nümayəndələri iştirak edirdi.

Azərbaycanda xaricidilli mətbuatın vəziyyətinin əsas müzakirə mövzusu olduğu  dəyirmi masada Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Azərbaycanda 50-ə yaxın xaricidilli KİV-in qeydiyyatdan keçdiyini bildirdi.  Xaricidilli mətbuatın fəaliyyətinə toxunan Ə. Amaşov rus dilində yayımlanan nəşrlərin üstünlük təşkil etdiyini vurğuladı. Azərbaycanda əcnəbi dilli mətbuatın tarixinə ekskurs edən Mətbuat Şirasının sədri bildirdi ki, Azərbaycanda ilk xaricidilli nəşri 1828-ci ildə nəşr olunan “Tifliskiy vedomosti” qəzeti hesab etmək olar. Əsrin əvvəllərində nəşr olunan “Kaspi” qəzetinin fəaliyyətindən bəhs edən Ə. Amaşov mətbu orqanın müstəqillik məfkurəsinin formalaşmasında böyük rol oynadığını diqqətə çatdırdı. Mətbuat Şurasının sədri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricidilli nəşrlərin önəmli əhəmiyətə malik olduğundan söhbət açdı.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi universitetdə belə bir mötəbər tədbirin keçirilməsindən məmnun olduğunu bildirdi. S. Seyidov universitetin media ilə əlaqələrinin getdikcə genişləndiyini və sıx əməkdaşlıq tellərinin yarandığını qonaqların diqqətinə çatdırdı. Jurnalistikaya düzgün qiymət verilməyin vacibliyini vurğulayan S. Seyidov ictimai fikrin formalaşmasında mətbuatın roluna da toxundu: “Jurnalistika bir elmdir. Dünya jurnalistikasına inteqrasiya etmək vacibdir. Fikir, ideya Azərbaycan xalqının olmalı, həqiqətlərin çatdırılması isə  dünyada mövcud olan üslub vasitəsilə həyata keçirilməlidir.”.  ADU-nun rektoru dünya ilə əlaqələrin qurulmasında, lazımi məlumatların keyfiyyətli şəkildə ötürülməsində dilin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. Rektor media mənsublarına dünyanın aparıcı KİV-lərinin təcrübəsindən yararlanmağı tövsiyyə etdi. Rəhbərlik etdiyi universitetdə 14 dilin tədris olunduğunu deyən S. Seyidov 2012-2013-cü il tədris ilində Filologiya fakültəsində Jurnalistika ixtisasının açılacağına toxundu. O, bu sahədə Azərbaycanın aparıcı media orqanları ilə əməkdaşlıq  ediləcəyindən əmin olduğunu vurğuladı.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə çıxışında Azərbaycanda rusdilli mətbuatın durumundan söhbət açdı. Baş redaktoru olduğu qəzetin inkişaf tarixindən danışan E. Şıxlı rus dilində nəşr olunan mətbuatın ictimai fikrin formalaşmasına təsir etdiyini bildirdi. Azərbaycan reallıqlarının ədalətli həll olması, həqiqətlərin dünyaya düzgün çatdırılmasında xaricidilli mətbuatın da töhfə verdiyini nəzərə çatdırdı.  O, rus dilinin dünyada qəbul olunan dillərdən biri olduğuna da diqqətə çəkdi.

“Azernews” qəzetinin baş redaktoru Fazil Abbasov isə çıxışında Azərbaycanda nəşr olunan ingilis dilli nəşrlərin fəaliyyətindən bəhs etdi. O, Azərbaycanda xaricidilli mətbuatın formalaşması dövrünün müstəqillikdən sonrakı illərə təsadüf etdiyini söylədi.   Fazil Abbasov rəhbərlik etdiyi qəzetin 1997-ci ildən nəşr olunduğunu və ilk ingilis dilli qəzet olduğunu dedi. O, əsas məqsədlərinin əcnəbi vətəndaşlara Azərbaycanda baş verən proseslər haqqında düzgün informasiya çatdırmaq olduğunu qeyd etdi.  Cənubi Qafqazda fəaliyyət göstərən Beynəlxalq İnformasiya Mərkəzi ilə əməkdaşlıq etdiklərini bildirən F. Abbasov qurum vasitəsilə nəşrin qonşu ölkələrə də yayıldığını vurğuladı.  Baş redaktor bildirdi ki, əcnəbi dili  kadrların yetişməsində  ADU-nun xüsusi rolu vardır. 

ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri, fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru   Zeynab Kazımova xarici dildə nəşr olunan mətbuata ehtiyac oldunu bildirdi.  Z. Kazımova baş redaktoru olduğu qəzetin yaranma tarixindən, eləcə də inkişaf perspektivlərindən danışdı. O, “Le Carrefour” qəzetinin Azərbaycanda yeganə fransızdilli qəzet olduğunu qonaqların diqqətinə çatdırdı.  Baş redaktor əsas məqsədlərinin Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq olduğunu vurğuladı. Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, təbiəti ilə bağlı məqalələr verməklə milli-mənəvi dəyərlərimizi təbliğ etməyin də məqsədləri sırasında olduğunu sözlərinə əlavə etdi.

Digər çıxış edənlər- “Novaya Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, ADU-nun Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, “Pillələr” qəzetinin baş redaktoru Şöhlət Abbas, Trend İnformasiya ağentliyinin baş direktorunun müavini Elçin Hüseynov, AzTV-nin “NIGHT NEWS” proqramının baş redaktoru Şaiq Məmmədov və “ATV İnternational” telekanalının baş redaktoru Azər Xəlilov Azərbaycanda mövcud olan əcnəbi dilli KİV-nin fəaliyyətindən söz açdılar. 




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal