Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) "Türk Dünyası" Folklor Mərkəzinin təşkilatçılığı ilə əl işlərindən ibarət ənənəvi sərgi keçirildi. “Azərbaycanda çay mədəniyyəti” adlı sərgidə çay mədəniyyəti çalarlarını əks etdirən əl işləri və eksponatlar nümayiş olundu.
ADU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən "Türk Dünyası" Folklor Mərkəzinin rəhbəri Rəna Salehova qonaqları salamladı və onları tədbirdə görməkdən məmnun olduğunu bildirdi. Tədbrin məqsədinin Azərbaycanda çay mədəniyyəti haqqında iştirakçılara ətraflı məlumat vermək idi.
Daha sonra çıxış edən Beynəlxalq və Qafqaz Azərbaycan Çay Assosiasiyasının prezidenti, professor Fərman Quliyev çay haqqında iştirakçılara maraqlı bilgilər verdi. Çayın 37 ölkədə istehsal olunduğunu və bu ölkələr sırasına Azərbaycanın da daxil oluğunu qeyd etdi. O, çayın insan orqanizmi üçün xeyirli tərəflərinin olduğunu bildirdi.
Tədbirdə çayın tarixi, istehsal olunduğu yerlər və.s haqqında videoçarx göstərildi. Sonra ADU-nun tələbələrinin ifasında çay haqqında bayatılar, səhnəciklər, şerlər səsləndi. Müxtəlif mərasimlərdə ( məsələn : elçilik, yas və s. ) çayın hansı formada təqdim olunması haqqında səhnəcik nümayiş olundu.
Sonra çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Prorektor bu kimi tədbirlərin Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynadığını diqqətə çatdırdı.
Sonda qonaqlar çay süfrəsinə dəvət olundu.
Xatırladaq ki, əl işləri sərgisi son 3 ildə sayca beşinci dəfədir ki, keçirilir. İlk belə sərgi 2009-cu ilin martın 5-də reallaşıb.
Modern.az