Elçin Bayramlı
Fikir vermisiz yəqin, son vaxtlar cəmiyyətdə həddən artıq əsəbi və qeyri-mədəni davranış halları artıb. İnsanlar sanki psixoloji disbalans içində, hər kəs başqasına qarşı qəzəbli və saymazyana əhvalda.
Bunun səbəblərini psixoloqlar fərqli kontekstlərdə izah edirlər. Çünki, məsələnin çoxvektorlu problematikası var. Ona görə də, biz bir qədər fərqli aspektdən yanaşmağa çalışaq.
Əvvəla başlayaq, ictimai davranış mədəniyyətinin 0-ın altına düşməsindən əvvəlki dövrün qısa təsvirindən. Ki, əlimizdə müqayisə predmetləri olsun.
Heç kim etiraz etməz ki, Sovet dövründə şəhər mədəniyyəti elementləri yüksək səviyyədə idi. El arasında yazılmamış qanunlar adlandırılan ictimai davranış kodeksləri var idi- bunda. İnsanlar ədəb-ərkanla davranır, növbəyə dayanır, bir-biri ilə nəzakətlə danışır, böyük-kiçik, qadın-kişi münasibətlərində tərbiyəsizliyə yol vermirdi.
İctimai yerlərdə şit hərəkətlər, ucadan mahnı oxutmaq, dar keçidlərdə yolu kəsərək söhbətləşmək və ya zarafatyana süpürləşmək, ucadan danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə söyüşmək... heç kimin ağlına belə şeylər gəlmirdi.
İndi həsrət qaldığımız “buyurun”, bağışlayın”, “zəhmət olmasa”, “rica edirəm” kimi sözləri eşitməkdən qulağımız yağır olmuşdu. İnsanların üzündən təbəssüm, səmimilik, mehribanlıq, qayğısızlıq, fərəh yağırdı. SSRİ-nin ucqar paytaxt şəhərlərindən olan beynəlmiləl Bakıda vəziyyət bax belə idi...
Bəs, sonra nə baş verdi ki, vəziyyət bir neçə ildə 180 dərəcə dəyişdi? 90-ların əvvəlində cəmiyyətdə elə proseslər başladı ki,- ifadəyə görə üzr istəyirəm, hamıya aid deyil- sanki illərlə bağlı saxlanmışları zəncirdən açıb buraxmısan.
Qanunlar bir kənara atıldı, özbaşınalıq, reketçilik dövrü başladı. İşsizlik, qıtlıq, yoxsulluqdan qurtulmaq uğrunda savaş bütün mənəvi kriteriyalıarı arxa plana keçirdi. Yeni deyim formalaşdı- əvvəl gövdəniyyət, sonra mədəniyyət!
Bakıdan köçməyə başlayan rus, yəhudi, erməni və s-lərini əsasən kənd əhalisi olmaqla qaçqın-köçkünlər, işsizlik ucbatından paytaxta axışan kütlə əvəzlədi. Bu prosesə o vaxt o qədər sevinmişdim... ki, paytaxtımız milliləşir. Yanıldığımı anlamaq üçün- başqalarını deyə bilmərəm, mənə düz 10 il vaxt lazım gəldi. Bakı böyük kəndə çevrildi, şəhər mədəniyyəti isə getdi “oppalara”.
Sovet vaxtı belə şüar var idi- “Kəndlə şəhərin fərqini ləğv edək”. Sovetdən sonra biz elə belə də etdik, amma tərsinə- şəhərləri kəndə çevirdik...
Cəmiyyətdə dəyərlərin sürətlə dəyişməsi baş verdi- etnik, dini, regional, sosial kontekstdə diskriminativ situasiya, təhsilə, elmə, mədəniyyətə marağı teleşouların, komputer oyunlarının əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, özəl TV-lərdən şou və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşma, psixoloji terror.. siyahı uzundur.
İntiharların, ailədaxili qətllərin baş alıb getdiyi, uşaqların küçələrə buraxıldığı, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması kimi proseslər mənəvi zombiləşmənin əsasını qoymaqdadır...
Hələ mən, genetik modifikasiya olunmuş məhsulların və saxta dərmanların kütləvi istehlakını demirəm. Bu başqa bir yazının mövzusudur.
Bu qədər psixoloji, bioloji, mənəvi təzyiqə hansı xalq dözə bilər? Bəlkə, məhz bu üzdən bizə dözümlü xalq deyirlər? Bu prosesləri yaşamış insanlardan mədəniyyət gözləmək olarmı?! Haay??!