Bu günlərdə yayılan məlumata görə Türkiyənin məşhur müğənnisi Sezen Aksunun hazırladığı albomunda Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in erməni dilində ifası yerləşdiriləcək. Bununla bağlı Beynəlxalq Diaspor Mərkəzi (BDM) Uluslararası Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) ilə birgə bəyanat qəbul edib. Bu barədə Modern.az-a BDM mətbuat xidməti məlumat verib.
Bəyanatda deyilir:
Tanınmış Türkiyə müğənnisi Sezen Aksunun Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i erməni dilində ifa etməsi və onu erməni xor kapellasının müşayiət etməsi bütün Azərbaycan ictimaiyyəti kimi, biz diasporçuları da narahat etməkdədir. Azərbaycan torpaqlarını işğal etmiş, 200 ildir Türk dünyasına qarşı soyqırımı və terror aktları həyata keçirən ermənilər mədəniyyətimizə, eləcə də musiqi incilərimizə qarşı mədəni işğal siyasətlərini davam etdiriblər. Saxta erməni təbliğatının qarşısına çıxmaq əvəzinə tanınmış türk müğənnisi tərəfindən belə bir addımın atılması qəbuledilməzdir və bunu şiddətlə qınayırıq. 26 fevral tarixində Xocalı soyqırımının anma günündə İstanbulun Taksim meydanında keçirilən yürüşdə Azərbaycan və Türkiyə ictimaiyyəti bir yumruq olduğunu göstərdi. Tədbirdə iştirak edən Türk və Azərbaycan sənətçiləri qədim türk xalq mahnısı olan “Sarı gəlin”i yürüş zamanı canlı ifa etdilər. Təəssüflər olsun ki, Sezen Aksu erməni lobbisinin hiyləsinə ucuz şikar olub. Biz BDM və ASİM-DER olaraq Azərbaycan və Türkiyə ictimaiyyətini Sezen Aksunu qınamağa və onun musiqi albomlarını baykot etməyə çağırırıq. Biz Sezen Aksunu erməni yandaşlığından əl çəkməyə, Türk xalqının ona verdiyi böyük ada hörmət etməyə dəvət edirik.
Bununla bağlı BDM və ASİM-DER 19 mart 2012-ci il tarixində saat 15:00-da Sezen Aksunun İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcəkdir”.