Sabah çərşənbələrdən sonuncusu olan “ilaxır çərşənbə”dir. Azərbaycanın bir çox bölgələrində insanlar sonuncu çərşənbəni böyük təməraqla qeyd edirlər. Bu münasibətlə hamı imkan daxilində bazarlıq edib süfrəyə müxtəlif təamlar düzürlər. Adət-ənənəyə görə çərşənbə axşamı hər kəs öz evində olmalı, doğmaları,yaxınları ilə birlikdə keçirməlidir.
Maraqlıdır, millət vəkillləri sonuncu çərşənbəni necə qeyd edəcəklər? Mövzu ilə bağlı əməkdaşımız millət vəkilləri ilə əlaqə saxlayaraq münasibətlərini öyrənib.
“Çərşənbə axşamı mütləq evdə olacam...”
Millət vəkili Musa Qasımlı sonuncu çərşənbəni hər zaman olduğu kimi evdə keçirəcəyini bildirib. Deputat hesab edir ki, adətlərə görə hər kəs bu bayramı evdə keçirilməlidir:
“Mən ümumiyyətlə, həmişə çərşənbəni də, Novruz bayramını da evdə qarşılamışam. Çalışmışam ki, bayramda evdən kənarda olmayım. Bizim adət-ənənəmizə görə, bu bayramı insan evində, ailəsi ilə qarşılayanda ilboyu ailədə əmin-amanlıq, firavanlıq olur. Axır çərşənbəni və Novruz bayramını da xalqımız necə keçirirsə, mən də eləcə, evdə qeyd edəcəm”.
“Bizim evdə çərşənbəni qeyd eləmirik”
Masallı rayonunu Milli Məclisdə təmsil edən Elmira Axundova bildirib ki, o, sonuncu çərşənbəni bayram əhval-ruhiyəsi ilə qeyd etmir. Millət vəkili deyib ki, sabah Masallı rayonuna səfər edəcəyindən yəqin ki, çərşənbə axşamını da orada olacaq.
“Mən sonuncu çərşənbəni rayonda, Masallıda qeyd eləyəcəm. Daha doğrusu, mən axırıncı çərşənbəni o qədər də təmtəraqla qeyd etmirəm. Amma bizim rayonumuzda ilaxır çırşənbəni bayram kimi qeyd edirlər. Sözün düzü bizim evdə axır çərşənbəni qeyd eləmirlər. Adətən biz Novruz bayramını daha məttəraqlı qeyd edirik. Masallıya deputat seçiləndən sonra gördüm ki, bizim camaatımız ilaxır çərşənbəni bayram kimi keçirirlər”-deyə E.Axundova qeyd edib.
Millət vəkili rayona səfəri zamanı imkansız insanlara bayram sovqatı paylayacağını, hətta imkansız ailələrə maddi yardım da edəcəyini deyib.
“Sabah bəlkə qulaq falına çıxdım”
92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili seçilən Jalə Əliyeva “ilaxır çərşənbə”də evdə olacağını, gözəl süfrə açacağını və şamlar yandıracağını deyib.
“Bizim inanclarımıza görə, bayram axşamı evdə olurlar. Uşaqlıqda belə eşitmişəm ki, deyilir bayramda evdə ol ki, sonrakı yeddi il evdən kənardan olmayasan. Buna görə, biz çalışırıq ki, bayramları mümkün olduğu qədər evdə olaq. Mən daha çox bayram axşamına əhəmiyyət verirəm. Axır çərşənbəni də qeyd eləmək lazımdır. Təbii ki, sonuncu çərşənbədə də ocağı boş qoymaq olmaz. Hamının evində olduğu kimi, biz də ailəmizi süfrə arxasında yığıb, hər birimizin adına şam yandıracağıq. Ürəyimizdə arzu tutacağıq”.
J.Əliyeva sabah qulaq falına gedəcəyini və ümumiyyətlə belə inancları sevdiyini bildirib:
“Bəlkə də qulaq falına da çıxdım. Bayram inancları çox gözəldir. İnsanı saflaşdırır, mənəviyyatını daha da zənginləşdirir. Bu bayramlar böyüklərdən daha çox uşaqların sevincinə səbəb olur. Sabah çalışacağıq ki, mümkün olduqca çoxdandır qapısı döyülməyən insanları ziyarət edək”.
“Bayram çərşənbəsində bacılarımı ziyarət edəcəm”
Millət vəkili Sabir Rüstəmxanlı da həmkarları kimi bayramı evdə ailəsi, övladları ilə birlikdə keçirəcəyini deyib. Onun fikrincə, insanlar bayram günlərini öz doğma yurdlarında, ata evlərində keçirsələr, daha yaxşı olar.
“Sonuncu çərşənbə ailə bayramıdır. Adətən bu günü ailə üzviləri ilə birlikdə keçirirlər. Ata yurdunda, öz doğmaları ilə yığışmaq çox gözəldir. Amma rayonlara getmək çox çətindir. Mən adətən bayramı evdə uşaqlarımla bir yerdə qeyd edəcəm. İmkan olarsa, bacılarıma baş çəkəcəm”.
Anar RÜSTƏMOV