Modern.az

Ramil Usubov Daxili Qoşunların zabitlərinə rütbələr təqdim edib

Ramil Usubov Daxili Qoşunların zabitlərinə rütbələr təqdim edib

12 Mart 2012, 20:13

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsində bu qurumun yaranmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilibr. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların (DQ) komandanı, general-leytenant Zakir Həsənov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə general-polkovnik Ramil Usubova raport verib.

Sonra o, DQ-nin iyirmi il ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edib.

Daxili Qoşunların komandanı xüsusilə vurğulayıb ki, ötən illər ərzində sözügedən qurum ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olub, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstəriblər. Ümumiyyətlə, döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların 496 hərbi qulluqçusu həlak olub, 1166-sı yaralanmış, 268 nəfər itkin düşüb, 9 əməkdaş «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb.
Bu gün Daxili Qoşunların yüksək döyüş hazırlığına malik bir qurum olduğunu deyən Z.Həsənov bildirib ki, Ali Baş Komandanİlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı inkişaf prosesi gedir. Aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər yeni inkişaf dövrü kimi xarakterizə olunur. Ötən il Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə Orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəbin də yaradıldığı qeyd olunub.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırıb.

Bu gün yüksək nizam-intizama, pekşəkar hazırlığa malik olan Daxili Qoşunlarda xüsusi bir döyüş ruhu yaşandığını diqqətə çatdıran daxili işlər naziri bunun heç də təsadüfi olmadığını, Prezidentin dəfələrlə hərbi hissələrə getməsinin, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olmasının hər bir hərbi qulluqçunun döyüş əzminin daha da yüksəlməsinə böyük stimul verdiyini, dövlət başçısının Silahlı Qüvvələrin tərkib hissəsi kimi Daxili Qoşunların təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Ramil Usubov Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələrin öhdəsindən ümumən uğurla gəldiyini diqqətə çatdırıb

Ramil Usubov xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar, bir qrup əməkdaşa isə rütbə və mükafatları təqdim edib.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal