Modern.az

Nazirliyin bəzi əməkdaşları cəzalandırılacaq - göstəriş verildi

Nazirliyin bəzi əməkdaşları cəzalandırılacaq - göstəriş verildi

14 Mart 2012, 16:54

Martın 14-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tərəfindən Şamaxı rayonunda həmin rayon və Ağsu rayonu üzrə daha bir qrup vətəndaş qəbul edilib və onların Prezident, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıqları şikayət ərizələri araşdırılıb.   İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirlib ki, nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələri araşdırılarkən ayrı-ayrı vətəndaşların sosial qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları məlum olub və həmin insanlara qanunvericilik barədə izahatlar verilib.

Bununla yanaşı, şikayət ərizələrinin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi müəyyən edilib. Nazir müavini Natiq Məmmədov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi, hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib.

Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb edilmələri qərara alınıb.

“Onu da bildirək ki, 2011-ci il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin məsul şəxsləri tərəfindən Oğuz, Şirvan, Göyçay, Şəki, Bakı, Ağcabədi, Yevlax, Masallı, Şabran, Gəncə, Samux və b. şəhər və rayonlarda, Naxçıvan MR istisna olmaqla, ölkənin bütün bölgələri üzrə ümumilikdə 600 nəfərdən artıq vətəndaş qəbul edilərək onların müraciətləri araşdırılıb. Vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və  müraciətlərinin araşdırılması işləri bundan sonra da davam etdiriləcək”-deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal