Avronestin növbəti Assambleyası (PA) Bakıda keçiriləcək. Bu barədə qurumun enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov Modern.az saytına açıqlama verib.
F. Muradov bildirib ki, AVRONEST-in assambleyasının Bakıda keçirilməsi Azərbaycan üçün eləcə də ölkəmizin beynəlxalq təşkilatlarda təmsil olunması üçün önəmli məsələdir.
“Təkcə ona görə yox ki, coğrafi baxımdan Bakıda keçirilir, həm də ona görə ki, AVRONEST Parlament Assambleyası yeni yaranan bir qurumdur və onun ikinci assambleyası Bakıda keçiriləcək. Burada mühim sənədlərin müzakirəsi gözlənilir”.
Millət vəkili qeyd edib ki, AVRONEST-in assambleyasının ildə bir dəfə keçirilir. Birinci sessiya assambleyanın təsisisi Belçikada olub.
“Bu isə ikinci sessiya olacaq. Bakıya 200-dən millət vəkili, ictimai xadim, Avropa parlamentində təmsil olunan siyasi qrup üzvləri gələcəklər. Onlar Azərbaycana gəlib ölkəmizi tanıyacaqlar”.
F. Muradov əlavə edib ki, Bakıya gələcək 60 nəfər Qərbi Avropadan, 40 nəfər Şərqi Avropadan olan deputatlardır. 10 deputat isə Azərbaycanı təmsil edəcək.
“Üstəgəl onların hər birinin daxil olduğu siyasi qrupun nümayəndəsi, özlərinin köməkçiləri də gələcək. Müxtəlif komitələrdən məruzəçilər olacaq. Kənardan gəlmiş beyin mərkəzlərinin nümayəndələri də öz fikirlərini deyəcək”.
Aprelin 1, 2, 3-də keçiriləcək sessiyanın proqram çox sıxdır. “Əvvəlcə komitənin iclası olacaq. Sonra isə biz çalışacağıq ki, gələnləri maraqlandıran məsələlərlə bağlı onlara köməklik göstərək və onları baxmaq istədiyi, maraqlandığı sahələrlə tanış eləyək. Bizim komitədə bir neçə ciddi müzakirələrimiz olacaq.
Bizim fikrimiz var ki, Avropada enerji təchizi ilə bağlı bir neçə tədbir keçirək, bu beyin mərkəzlərinin tədbiri olsun. Artıq razılaşma var və bu, gündəliyə salınıb. Bunun müzakirəsi olacaq. Eyni zamanda Azərbaycan nümayəndələri tərəfindən hazırlanan məruzə də müzakirə olunacaq. Biz çalışacağıq ki, Azərbaycanın həqiqətlərini, Azərbaycanla bağlı bütün məsələləri onlara çatdıraq” - deyə deputat bildirib.
Modern.az