Modern.az

İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik vasitə tutulub

İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik vasitə tutulub

14 Mart 2012, 20:23

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hökumətlərarası müqavilələri rəhbər tutaraq İran İslam Respublikasının aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrini cari ildə də məqsədyönlü şəkildə davam etdirir.

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu istiqamətdə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə şəxsiyyətləri hələlik istintaqa məlum olmayan bir qrup şəxsin cinayət əlaqəsinə girərək İran İslam Respublikasının Germi şəhərində yaşayan Mirhimayət Heydərinin tapşırığına əsasən külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirib Cəlilabad rayonunun Yusublu kənd sakini Azər Həsənova təhvil verməsi müəyyən edilib.
Məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri ilə Azər Həsənovun yaşadığı evin həyətində torpağa basdırdığı 12,7 kiloqram həşiş və 2,1 kiloqram tiryək aşkarlanıb götürülüb. İlkin dindirmə zamanı, sonuncu, həmin narkotik vasitələri Mirhimayət Heydərinin göndərəcəyi şəxslərə təhvil verməli olduğunu və bunun müqabilində 2 min ABŞ dolları alacağını etiraf edib.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Azər Həsənov təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayətkar dəstənin digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal