"Xəzər Lənkəran” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib. Klubun rəsmi saytının məlumatına görə, bu vəzifəyə son illər bacarıqlı məşqçi kimi ad qazanmış Yunis Hüseynov təyin olunub.
Modern.az xəbər verir ki, martın 15-də “Xəzər Lənkəran”nın ofisində Y.Hüseynovla 2 illik müqavilə imzalanıb.
Yunis Hüseynov 1965-ci ildə Gəncədə anadan olub. O, futbolçu karyerasını yerli “Kəpəz”də başlayıb, daha sonra 1984-cü ildən Bakının “Neftçi” klubunda çıxış edib. Bununla birgə 1993-1998-ci illərdə Azərbaycan milli yığmasının da üzvü olub. 1998-ci ildə o, yenidən “Kəpəz” klubuna keçib və bu komanda ilə Çempionlar Liqasının təsnifat mərhələsində və Avrokubokda oynayıb.
O, “Neftçi”nin heyətində 1992 və 1996-cı illərdə ölkə çempionu, 1997-ci ildə gümüş, 1995 və 1999-cu illərdə isə bürünc mükafatçı titullarını qazanıb. Həmçinin Hüseynov 1995, 1996 və 1999-cu illərdə Azərbaycan Kubokunun qalibi olub.
Məşqçi karyerasını Yunis Hüseynov Yevlaxın “Karvan” klubunda başlayıb. Məhz onun rəhbərliyi altında bu klub 2004/05 və 2005/06 mövsümlarında Azərbaycan çempionatının bürünc və gümüş mükafatçısı olub.
2009-cu ildən işsiz idi.
Modern.az