Modern.az

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

Təhsil

16 Mart 2012, 13:33

Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşkür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Vətənimizə mübarək qədəmləri ilə təşrif buyuran əziz bayram - Novruz münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə Allah-Təaladan xoşbəxtlik, rifah və bol bayram sevinci diləyirəm.

Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır. Yaşadığımız hər bir an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük Lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət və yeni ab-hava bəxş edən Novruz Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən də ilahi səciyyəsindən qaynaqlanır. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə daha böyük vəchlə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.

Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə vüsət və əzmimizi daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini, Qarabağ zəfərini möhtərəm dövlət başçımız prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibahlı yolu ürəkdən dəstəkləyir.

Novruzun təravəti həyatımızın abı-havasına paklıq və saflıq bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca, insanları xoş əməllərə, nəcib, xeyirxah işlərə sövq edir. Novruz bayramı doğma torpağımıza qədəm qoymaqla həyata yenilik, süfrələrə bərəkət bəxş edilir, niyyətlər saflaşır, mənəviyyat daha da kamilləşir.
Bu gözəl el bayramı münasibətilə sizləri bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin.

Qoy Novruzun qədəmləri mübarək olsun!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal