Modern.az

Bahar Muradovaya “Şöhrət” ordeni verildi

Bahar Muradovaya  “Şöhrət” ordeni verildi

Təhsil

16 Mart 2012, 19:50

Prezident İlham Əliyev  millət vəkili Bahar Muradovaya  “Şöhrət” ordeni verib.

Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Milli Məclisin sədr müavini Bahar Əvəz qızı Muradova “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, martın 20-də B.Muradovanın ad günüdür.

Bahar Muradova 1962-ci il martın 20-də Füzuli rayonunda anadan olub. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin Hüquq fakültəsini bitirib.

1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə «Qayğı» Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib. 1993-95-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib. 1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 2000-ci ildən partiyanın icra katibinin müavinidir.

2000-2005, 2005-2010-cu illərdə ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2010-cu ildə yenidən 84 saylı Füzuli seçki dairəsindən dördüncü çağırış Milli Məclisə deputat seçilib.
Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Ailəlidir, bir qızı var.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal