Modern.az

Ramil Usubov 50 nəfər əvəzinə 56 polisə “leytenant” rütbəsi verdi

Ramil Usubov 50 nəfər əvəzinə 56 polisə “leytenant” rütbəsi verdi

19 Mart 2012, 18:45

Martın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib.

Modern.az-ın məlumatına görə, nazir  əvvəlcə qalibləri təbrik edib. Ölkə rəhbərliyinin   gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəvi və iş keyfiyyətlərinə malik bacarıqlı və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilməsi üçün bütün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Nazirin sözlərinə görə, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 273 nəfər daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciət edib, onlardan «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə  haqqında» Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 120  namizəd Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb.
Qaydalara əsasən, test imtahanlarında 65 və daha çox bal toplamış 56, o cümlədən 45 ali hüquq, 11-i isə ali pedaqoji təhsilli namizəd bu çətin sınaqdan uğurla çıxıb.

Daha sonra DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. Deyib ki, müsabiqəyə 50 vakant yer elan olunmasına baxmayaraq, daxili işlər naziri tərəfindən imtahanları müvəffəqiyyətlə vermiş 56 namizədin hamısının DİO-da xidmətə qəbul olunması barədə müvafiq göstəriş verilib. Həmin göstərişin icrası olaraq, bütün iddiaçılar respublikamızın şəhər, rayon polis orqanlarında istintaq, təhqiqat və bayır xidmətlərindəki vakant vəzifələrə təyin ediliblər.

Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov «polis leytenantı» xüsusi rütbəsinin paqonlarını müsabiqənin qaliblərinə təqdim etməklə həyatlarında ən əlamətdar günlərdən biri-zabit vəzifələrinə təyin olunmaları və Novruz bayramı münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal