Modern.az

Aparıcı qəzetlər bayram günlərində hansı rejimlə işləyəcək?

Aparıcı qəzetlər bayram günlərində hansı rejimlə işləyəcək?

20 Mart 2012, 12:23


Novruz bayramı münasibətilə Nazirlər Kabineti tərəfindən ölkədə 7 gün rəsmən istirahət elan edilib. Bununla yanaşı, həmin günlərdə bəzi qurumlar gücləndirilmiş iş rejimində işləyərək əhaliyə xidmət göstərəcək. Ölkədə və dünyada baş verən hadisələri hər gün oxucularına çatdıran qəzetlər necə, bəs bu günlər hansı rejimdə çalışacaq?

Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün bir sıra aparıcı qəzetlərlə əlaqə saxlayıb.

“Yeni Musavat” qəzetinin redaktoru Famil Cəfərli bildirib ki, qəzetin kollektivi 5 gün işləməyəcək. “5 gün işçilərimiz istirahət edəcəklər.  Ancaq martın 25-i, bazar günündən işə çıxırıq və artıq bazar ertəsi oxucularımız qəzetləri köşklərdən alıb oxuya biləcəklər”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, kollektiv 7 qeyri-iş günündə istirahət edəcək.
“19 mart bayram öncəsi son iş günümüz oldu. Yenidən martın 27-də işə qayıdacağıq və qəzet onun səhərisi günü artıq satışda olacaq. Bu dövlətimiz tərəfindən verilmiş gözəl bayram hədiyəsidir. Əminəm ki, bayramdan sonra yeni enerji, müsbət emosiyalar və bahar ovqatı ilə daha da yaxşı işləyəcəyik”.

 “Üç nöqtə” qəzetinin baş redaktor müavini Şahin Əliyev bayram günlərində qəzetin nəşr olunmayacağını deyib. Kollektiv bir də martın 26-da işə qayıdacaq və martın 27-si “Üç nöqtə” qəzeti satışda olacaq.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də 7 qeyri-iş günü çap olunmayacaqlarını deyib. Onun sözlərinə görə, həmin günlər yayım şirkətləri fəaliyyət göstərmədiyi üçün qəzeti buraxmamaq qərarına gəliblər.
“Uzun müddət idi ki, istirahət edə bilmirdik və bu bizim kollektivimiz  üçün əsl fürsət oldu. 7 gün kollektivimiz dincələcək və martın 27-dən yenidən işə qayıdacağıq”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də kollektivin bu günlər işləməyəcəyini deyib. O həmçinin saytlara da müraciət edərək onların da istirahət etmələrini və insanların beynini mənasız informasiyalarla doldurmamağı məsələhət görüb.

7 günlük qeyri-iş günündə “Kaspi” qəzeti də çıxmayacaq. Baş redaktor Natiq Məmmədli kollektivin bu günlərdə istirahət edəcəyini və işə ancaq  martın 26-da qayıdacaqlarını bildirib.

“Ekspress” qəzetinin də kollektivi 7 gün istirahət edəcək. Qəzetin redaktoru Qalib İbrahimoğlu bildirib ki, kollektiv üzvlərinin əksəriyyəti rayondan olduğu üçün onlar doğmalarını ziyarət edəcəklər.
“Biz də istərmirik ki, bayram günlərində kiminsə xətrinə dəyək. Ona görə ancaq martın 27-də işə qayıdıb və hər zaman olduğu kimi çalışacağıq”. Ancaq o, "Eksprerss"in idman əlavəsi olan "Sport-Ekspress"in bazar günü çıxacağını vurğulayıb.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay da qəzetin kollektivinin bu zaman kəsiyində istirahət edəcəyini deyib. “Ədalət”in kollektivi bir də martın 27-də yenidən işə qayıdacaq.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal