Modern.az

Görünən dağın “bələdçisi”

Görünən dağın “bələdçisi”

22 Mart 2012, 21:20

20 ildir bizim başımıza corab hörüb, Qarabağı bizə qaytaracağını söyləyən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri birgə bəyanat veriblər ki, bəs tərəflər, sülhə, filan..., bu kimi həmişə deyilən sözlər. Əsas odur ki, bəyanatlar qovluğuna daha  biri də  əlavə edildi və sənədlər toplusunun qalınlığı bir millimetr də artdı. Amma 20 illik “danışıqlarda”  bir millimetr də olsun torpaq qaytarılmayıb.

Ancaq mütəmadi olaraq “dəyişək və inkişaf edək” prinsipini əldə saxlayan ATƏT-in Minsk qrupu 20 il ərzində münaqişənin həllində dəyişiklik etməsə də, öz tərkibini tez-tez dəyişir elə zaman-zaman mövqeyini də... Lənət şeytana, guya, bunların əvvəldən mövqeyi nə olub ki, indi də nə olsun və dəyişsin.

Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçisi Egemen Bağış verdiyi açıqlamasında ATƏT-in Minsk qrupu ilə bağlı maraqlı sözlər söyləyib:
“Biz ATƏT-in Minsk qrupunu çox passiv görürük. Minsk qrupu ya öz üzərinə düşən vəzifəni yerinə yetirərək Azərbaycanla Ermənistan arasında konsensus yaratmaq üçün nəticə əldə etməli, ya da “bu işi görə bilmirik, bacaran gəlib bu işi görsün”, deməlidir. Ya bu işi görsün, ya da görə bilmədiyini etiraf etsin”. 

Doğurdan da görəsən nə vaxta qədər “regiona səfər”, “təmas xəttində monitorinq” adı altında kabab yeyib, üstündən də tut arağı vurub Qarabağ problemini həll edəcəklər? Bəlkə kimlərəsə bu durum sərf edə bilər, amma Azərbaycan xalqına, 1 milyondan artıq qaçqın və məcburi köçkünə və nəhayət Qarabağ uğrunda şəhid olanların  ailələrinə sərf etmir.

Əslində, Qarabağın dərdinin dərmanının harada olduğu bəllidir və bu düyünü kimin çözə biləcəyi də ortadadır. Bir sözlə, Qarabağ görünən bir dağdır. ATƏT-in Minsk qrupu isə bu görünən dağa bələdçilik eləmək istəyir. Görəsən bu hansı məntiqə sığır?

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal