Deputatın yeni kitabı çıxıb
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənforoğlunun “Azərbaycan türklərinin: Dini-Fəlsəfi Dünyagörüşü: fəlsəfi aspekt” adlı kitabı işıq üzü görüb.
“Qanun” Nəşriyyatında buraxılan, 224 səhifəlik kitabda Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü, din və iman anlayışının tarixi kökləri və fəlsəfi mahiyyəti, Azərbaycan coğrafiyasında çoxluğu təşkil edən türk etnosunun dini sistemi tarix və müasirlik kontekstində tədqiq olunub. Türklərin İslamdan öncəki dini-fəlsəfi dünyagörüşünün əsas prinsiplərinin başqa xalqların dini-fəlsəfi təlimləri ilə oxşar və fərqli cəhətləri müqayisəli şəkildə araşdırılmış, habelə tarix boyu mövcud olmuş dinlərin və inancların monoteist düşüncəyə doğru inkişaf prosessinin də kitabda əhatəli izahı verilib.
Kitabda Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşündə İran dini-fəlsəfi təlimlərinin, müxtəlif İslam məzhəblərinin, xüsusilə də Şiənin tarixi yeri və çağdaş izləri araşdırılmış, müasir dövrdə xalqımızın din anlayışının və dini-fəlsəfi dünyagörüşünün xarakterik xüsusiyyətləri təhlil edilib. Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşünün ilk dəfə olaraq fəlsəfi aspektdə tədqiq olunduğu bu kitab; dinlər tarixi, müasir cəmiyyət və din problemləri, türklərin qədim inancları, bir çox dini-fəlsəfi təlimlərin tədqiqi, habelə dini proseslərlə bağlı tarixi, fəlsəfi və sosioloji xarakterli tədqiqatlarda istifadə oluna bilər.
Modern.az