Modern.az

Jalə Əliyeva: "Erməni deputat erməni vəhşiliyini təsdiqlədi"

 Jalə Əliyeva: "Erməni deputat erməni vəhşiliyini təsdiqlədi"

23 Mart 2012, 21:36

Milli Məclisin deputatı, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin üzvü və bu qurumun Mədəniyyət, Təhsil və Sosial Məsələlər Komitəsinin sədri Jalə Əliyeva komitənin Sofiyada keçirilən 38-ci iclasından qayıdıb.

 İclasda QDİƏT üzvü olan ölkələrdə uşaq hüquqları ilə bağlı məsələ müzakirə olunub. J. Əliyeva Modern.az saytına bildirib ki, iclasda Rusiya tərəfi məsələ ilə bağlı məruzə ilə çıxış edib. Azərbaycan isə tövsiyyə layihəsini təqdim edib: “Prosedur qayda belədir ki, bu layihə  qurumun növbəti sessiyasında təsdiqlənir. Növbəti sessiya isə Ermənistanda keçiriləcək.

Məruzə ətrafında müzakirələrdə mən də çıxış etdim. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycanda aparılan çoxşaxəli işlərdən danışdım. Qeyd etdim ki, hər hansı ailədə yaranan münaqişədən ən ağır zərbəni uşaqlar alır. Eyni zamanda bildirdim ki, müharibələrdən də ən böyük zərbələri uşaqlar alır. Müasir dünyamızın uşaq əməyinin istismarına, uşaqların təcavüzə, zorakılığa məruz qalmasına qarşı olduğunu xatırlatdım. Bu zaman həm də 20 il öncə Ermənistanın Azərbaycana işğalçılıq siyasəti nəticəsində azərbaycanlı uşaqların üzləşdikləri mərhumiyyətləri, işgəncələri, girovluqda yaşadıqları məşəqqətləri önə çəkdim. Bildirdim ki, bu, məsələ dünya üçün, sivilizasiya üçün qara ləkədir”.

Deputat həmçinin ötən il Ağdamın Orta Qərvənd kəndində 13 yaşlı Fariz Bədəlovun erməni snayperinin qurbanı olduğunu da əcnəbii deputatların diqqətinə çatdırıb: “Bildirdim ki, Fariz əsgər deyildi. O, uşaqlarla oynamaq üçün həyətə çıxmışdı. Ancaq erməni snayperi onun həyatına son qoydu.

Tovuzda 10 yaşlı Aygün Şahmalıyevanın ermənilərin oyuncağın içərisində yerləşdirdiyi partlayıcının qurbanı olduğunu da bildirdim. Bu misalların dünyanın üz qarası olduğunu dedim. Dünyanın belə məsələlərə qarşı səsini ucaltmasını istədim”.

J.Əliyeva bildirib ki, QDİƏT PA-da prosedur belədir ki, hər deputat müzakirə olunan məsələ ilə bağlı bir dəfə çıxış edə bilər: “Ermənistanın nümayəndəsi Vardan Xaçaturyan məndən öncə çıxış etmişdi. Amma məndən sonra da danışmaq üçün söz istədi. İclasa mən rəhbərlik edirdim və onun nə deyəcəyinə maraq etdim.  O, mənim çıxışımın ona pis təsir etdiyini, Farizin erməni snayperinin qurbanı olduğundan təəssüf hissi keçirdiyini bildirdi. Amma Tovuzda 10 yaşlı qızın bu şəkildə  ölümündən xəbərsiz olduğunu və bunu araşdıracağını dedi. Ardınca isə bildirdi ki, Ermənistan belə halların olmaması üçün sülh istəyir.

QDİƏT iqtisadi bir qurumdur və burada təmsil olunduğum 7 il müddətində siyasi məsələlər bir qayda olaraq müzakirə olunmayıb. Amma Azərbaycan nümayəndə heyəti bütün iclaslarda Ermənistanın işğalçılıq siyasətini qabardıb. Mən Xaçaturyanın bu çıxışından sonra dedim ki, Ermənistan Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, Azərbaycanın ərazi bütövlüyünə qarşıdır. Belə necə sülh istəmək olar. Bu, əslində sülh istəmək deyil və bunu bütün dünya bilməlidir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal