Xətai Azayev 1992-ci ildə Şamaxı rayonunda anadan olub. Anadan qlakoma xəstəliyilə doğulduğundan gözləri görmür. 12-ilə yaxındır ki, Bakıda yaşayır. Nərimanov rayonu 116 saylı korlar və zəif görənlər üçün məktəbinin 11-ci sinfində oxuyur. Xətainin ən böyük arzusu ali məktəbə daxil olub təhsilini davam etdirməkdir. Lakin onun qarşısına bu işdə müəyyən çətinliklər çıxır.
Xətai ali məktəbə daxil olub təhsilini davam etdirmək istəyən digər şagirdlərin timsalında öz problemləri barədə Modern.az saytına danışıb.
Xətai deyir ki, onların gündəlik dərslikləri ilə problemləri yoxdur. Belə ki, 1-ci sinifdən 11-ci sinifə qədər oxuduğu müddətdə gündəlik dərsliklərinin diskləri var və buradan dərslərinə hazırlaşırlar.
“Ancaq bu dərsliklərdə informasiyalar böyük olur və şagird bilmir ki, hansı informasiyanı yadında saxlasın ki, imtahanda yararlı olsun. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının kitablarında isə qısaldılmış informasiyalar olur və bizə də lazımdır ki, tez zamanda hazırlaşaq. Elə bizim çətinliyimizdə buradan başlayır”.
Xətainin sözlərinə görə, TQDK-nın buraxdığı kitabların məktəbin dərslikləri kimi disk variantları olmadığından onlar ali məktəbə hazırlaşmaqda çətinlik çəkirlər. Xətai bu problemi onunla birlikdə oxuyan bütün şagirdlərin yaşadığını qeyd edib.
“Biz hamımız bundan əziyyət çəkirik. Məktəbdə günorta saat 2-yə qədər dərs olur, ondan sonra tərbiyəçilər, bizə dərs deyənlər gəlir. Onlar kitabları bizə oxuyurlar və biz onu telefon diktafonuna yazıdırırıq və bununla da öz ehtiyaclarımızı ödəməyə çalışırıq”.
Xətai Gözdən Əlillər Cəmiyyətinin də onlara köməklik etməyə çalışdığını vurğulayıb. Onun sözlərinə görə artıq 3-4 aydır ki, cəmiyyət onlar üçün TQDK-nın köməkçi vəsaitlərini disklərə yazdımağa başlayıb.
“Problemlə əlaqədar məktəbin direktoruna müraciət edəndə o, bu işi Gözdən Əlillər Cəmiyyətinə tapşırdı. Ancaq bu da uzun vaxt aparır. Biz gələn il buraxılış imtahanı verəcəyik və tez zamanda hazırlaşmalıyıq. Yəni bu təkcə 2-3 nəfərin işi deyil, bunun üçün gərək böyük komanda işləsin ki, problem tez bir zamanda aradan qalxsın”.
X.Azayev bu problemlərlə bağlı TQDK-ya müraciət etmədiklərini deyir.
“Bunu bizim məktəbəmizin rəhbərliyi, Gözdən Əlillər Cəmiyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına çatdırılmalıdır. Problemi bizim çatdırmağımızla iş alınan deyil, ona görə də heç cəhd etməmişik”.
Xətai Azayev əvvəlki illərdən bu cür əziyyətlə hazırlaşaraq ali məktəblərə daxil olanların olduğunu deyir.
“Müəllimlərə həmin kitabları oxudub, onu diktafona yazıb, eyni zamanda gündəlik dərsliklərdən çalışaraq ali məktəblərə daxil olanlarımız var. Elə keçən il 4-5 nəfər bu cür hazırlaşaraq universitetə daxil oldu. İnşallah biz də bu cür irəliləmək istəyirik, amma bizə kömək lazımdır və xahiş edirik bu istiqamətdə bizə yardım göstərilsin”.
Ali təhsil almaq istəyi böyük olan Xətai hər cür imkanlardan istifadə edir ki, öz arzusuna çatsın. Məktəbdəki müəllimlərindən əlavə, evdə də ona köməklik ediliyini və dərslikləri ailə üzvlərinə oxutdurğunu deyir.
“Belə etməsək, gələcəkdə istədiyim nəticəni əldə edə bilmərəm. Ən böyük istəyim Bakı Dövlət Universitetinə daxil olub, buranın Beynəlxalq münasibətlər fakültəsində oxumaqdır. İnşallah o da qismət olsa...”.
Modern.az olaraq Xətai Azayev kimi digər oxumaq həvəsində olan gözdən əlillərin istəklərinin nəzərə alınıb-alınmayacağını öyrənmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqə saxladıq. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirdi ki, TQDK-nın hazırladığı köməkçi vəsaitlər ali məktəblərə hazırlaşanlar üçün sadəcə yardımçı vasitədir:
“Onların öz vəsitləri var və bunun əsasında hazırlaşa bilərlər. Bu gün bizdə bu vəsaitlərin gözdən əlillərin istifadə edə bilməsi üçün diskdə yazılması aparılmır və gələcək də hazırlanıb-hazırlanmayacağı barədə də bir söz deyə bilmərəm”.
Aytən ƏLİYEVA