Modern.az AzərTAc-a istinadən bildirir ki, MDB Parlamentlərarası Assambleyasının 20 illiyi ilə əlaqədar yubiley tədbirlərində iştirak etmək üçün Qazaxıstanda işgüzar səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov ölkə parlamenti Senatının sədri Kayrat Mami ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin, həmçinin parlamentlərarası əməkdaşlığın dinamik inkişaf etdiyi bildirilib.
Kayrat Mami Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Oqtay Əsədovu təbrik edib, beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı fəaliyyətin tərəfdarı olduğunu bildirib.
Kayrat Mami bu ilin ikinci yarısında Azərbaycana səfərə gələcəyini də bildirib.
Oqtay Əsədov BMT Təhlükəsizlik Şurasına seçilərkən Azərbaycana verdiyi dəstəyə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib, ölkəmizin BMT çərçivəsində Qazaxıstanın bütün təşəbbüslərini müdafiə etməyə hazır olduğunu bildirib.
Modern.az