ATƏT-in Bakı Ofisinin yeni rəhbəri Koray Tarqay Gəncəyə ilk səfərini edib. Modern.az xəbər verir ki, səfər çərçivəsində qonaq Gəncə şəhər İcra Hakimiyyətində və Gəncə şəhər Baş Polis İdarəsində olub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşən Koray Tarqay rəhbərlik etdiyi qurumun ölkədəki fəaliyyəti haqda ona məlumat verib.
Koray Tarqay Gəncədə fəaliyyət göstərən hüquqi yardım mərkəzinin iş prinsipi barədə də söz açıb. ATƏT-in Bakı Ofisinin rəhbəri Elmar Vəliyevlə fikir mübadiləsi apararkən icra başçısının təkliflərini də dinləyib. Əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik ifadə olunub.
Modern.az-ın məlumatına görə, Koray Tarqay səfərlə bağlı bunları deyib:
“Geri qayıtdıqdan sonra 2012-ci il ərzində ölkədə keçirəcəyimiz görüşlərin əhatə dairəsini və məhsuldarlığını artırmaq barədə düşünəcəyik. Bundan başqa, Gəncə şəhəri və ətraf rayonların, eləcə də ümumilkdə Azərbaycanın inkişafına necə dəstək olacağımız barədə müzakirələr aparacağıq. Sonra yenidən buraya səfər edəcəyik”.
Koray Tarqay Gəncə şəhər Baş Polis İdarəsində də görüş keçirib. Gəncəyə birgünlük səfərindən sonra ATƏT-in Bakı ofisinin rəhbəri Şəkiyə yollanıb.
Modern.az