“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakıətrafı yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “Azərsu”yun ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, tədbirlər planına uyğun olaraq Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat yaşayış masssivinə yeni magistral su xəttinin çəkilişinə başlanılıb.
Layihəyə əsasən, Sabunçu dairəsindən keçən 1200 mm diametrlik magistral su kəmərindən Zabrat qəsəbəsinə 5,6 kilometr uzunluğunda, 500 mm diametrli polietilen borularla çəkilən su xətti qəsəbədaxili şəbəkəyə birləşdiriləcək. Yay mövsümündə içməli suyun normal ötürülməsini təmin etmək məqsədi ilə su xəttinin üzərində 2 ədəd nasosxananın tikintisi də nəzərdə tutulur. Magistral su xəttinin keçdiyi marşrut boyunca yerləşən yaşayış məntəqələrinə içməli su bu mənbədən paylanacaq. Bu məqsədlə magistral su xəttinə paralel 200 mm diametrli əlavə su kəməri də çəkiləcək. Tədbirlər planına uyğun olaraq tikinti işləri may ayına qədər başa çatdırılacaq. Bununla da 10 mindən çox sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.