Prezident İlham Əliyev 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az bildirir ki, sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 50,0 (əlli) milyon manat vəsaitin ayrılması üzrə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etsin.
Sərəncamda xatırlanır ki, Kür və Araz çaylarının daşması nəticəsində Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonlarında və Şirvan şəhərində 27 yaşayış məntəqəsi, ümumilikdə 70 min hektar ərazi subasmaya məruz qalmış, minlərlə fərdi yaşayış evi, sosial obyektlər uçub və ya qəzalı vəziyyətə düşüb.
“Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər nəticəsində 5 yeni qəsəbə salınmış, 3 mindən artıq ev, yüzə yaxın sosial və infrastruktur obyekti tikilmiş və ya bərpa olunmuş, 5 min evdə təmir işləri aparılmışdır. Əmlaklarına və əkin sahələrinə dəymiş ziyana görə əhaliyə 20 milyon manat məbləğində kompensasiya ödənilmişdir”.
Prezident bu istiqamətdə görülən işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə sözügedən sərəncamı imzalayıb.
Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinə müvafiq şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasını sürətləndirmək tapşırılıb.
Sərəncama görə, görülmüş işlər barədə məlumatı üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.