“Növbəti tədris ilinə 194 adda dərsliyin və müəllim üçün metodik vəsaitin çapını müəyyənləşdirmişik. Bunların 80-i bir və beşinci siniflər üçün dərsliklər və müəllim üçün metodik vəsaitlərdir”.
Bu sözləri Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. Onun sözlərinə görə, qalan 114 adda olan dərslik komplektləri isə az fazilə çap olunanlardır.
“Bunlar əsasən əvvəlki illərdə çap olunan kitablardır və onların çapını təxminən 30 faiz həcmində nəzərdə tutmuşuq. Amma bir və beşinci siniflər üçün isə tamamilə yeni dərslik komplektlər (dərslik və müəllim üçün metdoik vəsait) olacaq. Çünki birinci siniflər üçün dərslik komplektləri 4 il əvvəl hazırlanmışdı və onlar artıq istifadə müddətini tamamlayıblar. Bununla bağlı biz yenidən elan vermişik”.
F.Şahbazlı eyni zamanda beşinci siniflər üçün ilk dəfə kurikulum əsasında dərslik komplektlərinin hazırlanacağını qeyd edib.
“Bununla bağlı biz tender əsasında elan vermişik. Təbii, kurikulum əsasında hazırlanan dərslik komplektləri əvvəlki dərsliklərdən tamamilə fərqlənir, yəni bunlar ənənəvi proqram əsasında hazırlanan dərsliklər kimi deyil. Burada tamamilə başqa prinsiplərlə yanaşılır”.
Şöbə müdiri deyir ki, 114 adda dərsliyin ekspertizası gedir və eyni zamanda çapı həyata keçirilir.
“Bir neçə dərsliyimiz çap olunub. Hesab edirəm ki, may ayınadək çalışıb onların çapını başa vuracağıq”.
Bir və beşinci siniflər üçün vəsaitlərin nə vaxt hazır olacağına gəlincə Faiq Şahbazlı bununla bağlı təklifləri may ayında açılacaqlarını və Qiymətləndirmə Şurasına təhvil veriləcəyini qeyd edib.
“Qiymətləndirmənin nəticələri əsasında biz həmin dərslik komplektlərinin çap məsələsinə baxacağıq”.
F.Şahbazlı eyni zamanda kurikulum əsasında hazırlanan dərsliklərin ibtidai sinif şagirdlərinin gec başa düşməsi barədə deyilən fikirlərə də münasibət bildirib. O, bu fikirlə razılaşmadığını deyir.
“Biz on illərlə məktəblərimizdə ənənəvi dərsliklərə öyrəşmişdik. O dərsliklər ki, onlar təkrar-təkrar nəşr olunurdu və onlara müəllim, şagird, valideyn də öyrəşmişdi. İndi yeniliklər var, kurikulum əsasında hazırlanan dərslik komplektləri, müəllimlərin bu sahədə işləməsi yenidir. Yəni onlar tamamilə bu yeniliklərə uyğun işləyirlər. Ona görə də valideyinlər bu şeylərə hələ alışqan deyil və problemlərlə üzləşirlər.
Bütün dünya inkişaf edir, hamımız bu yenilikləri qəbul etməliyik və öyrənməliyik” deyə şöbə müdiri vurğulayıb.
Aytən ƏLİYEVA