Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev bu gün Milli Məclisə gəlib. A.Atambayev öncə Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Qırğızıstan prezidenti daha sonra Milli Məclisin deputatları qarşısında çıxış edib.
Modern.az saytının məlumatına görə, Almazbek Atambayev azərbaycanlı deputatlar qarşısında əvvəlcə Azərbaycan dilində danışıb. Onun bu hərəkəti deputatlar tərəfindən alqışlanıb.
A.Atambayev azərbaycanlılarla qırğızların soy-kökünün eyni – türk olduğunu vurğulayıb
“Biz türkük, bizim atalarımız, babalarınız da türkdür”, - deyə bildirib.
Almazbek Atambayev bildirib ki, tarix türk birliyi yaratmaq üçün şans verib və bundan istifadə etmək lazımdır.
"Qırğızlarla azərbaycanlıların dövlətçilik yolu keşməkeşli olub. Ata-babalarımızın keçdikləri yol keşməkeşli olub. Biz ata-babalarımızın tövsiyələrinə əməl etməliyik. Bu, möhtəşəm "Manas" və "Dədə Qorqud"da da var. Heydər Əliyevin dediyi kimi, "Dədə Qorqud" dərin köklərə malikdir, bizim xalqlarımızın ortaq mədəniyyətidir".
Qırğızıstan Respublikasının prezidenti "Allah Azərbaycanı saxlasın!" deyib. Milli Məclisin sədri Oqtay Əsədov belə çıxışına görə, ona təşəkkür edib.
Modern.az