“Quba bələdiyyəsinin sədri Elxan Əliyevin rayonda çox böyük hörməti, nüfuzu var. Əslən qubalıdır, xalq onu sevir”.
Bunu Modern.az saytına açıqlamasında 53 saylı Quba-Qusar seçki dairəsinin Milli Məclisdəki təmsilçisi, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Yevda Abramov deyib.
Deputat bildirib ki, Quba hadisələrinə görə aparılan istintaqın materialları ilə tam tanış olmayınca, bələdiyyə sədri Elxan Əliyevin bu işdə günahının olub-olmadığını söyləyə bilməz: “Onun dediyi ifadələri oxumayınca, bunu deyə bilmərəm. Hadisələrə görə ən sonuncu həbs olunan şəxs Elxan Əliyevdir. Onu niyə ən axırda həbs ediblər. Deməli ya əvvəl tutulan insanlar onun adını hallandırıblar, ya da istintaq belə qənaətə gəlib ki, onun hadisələrdə rolu var. Amma mən Elxan Əliyevi xeyriyəçi kimi tanıyıram, xeyriyəçilik işləri ilə məşğul olur. Xüsusən də gənclərin tərbiyəsi və idman məsələlərində Elxan Əliyevin çox böyük rolu var. Son zamanlar bələdiyyə sədri kimi Qubanın abadlaşdırılmasında da çox aktiv iştirak edib. Onu deyə bilərəm ki, keçmiş icra başçısı Rauf Həbibovla bələdiyyə sədri Elxan Əliyevin münasibətləri həmişə səmimi olub, onlar dostluq ediblər, bir yerdə çörək yeyiblər, şəhərin abadlaşdırılmasında eyni mövqedə olublar. Elxan Əliyevin nəyinki Rauf Həbibovla ondan əvvəlki icra başçıları ilə də yaxşı münasibətləri olub, nüfuza sahib olub. Mən onu çoxdan tanıyıram, hətta valideynləri ilə tanışıq. Onun hansısa pis işlərlə məşğul olmasına, icra başçısının vəzifəsindən uzaqlaşdırılması üçün nəsə planlaşdırmasına inanmıram. O, belə niyyəti olan insan deyil. Ancaq heç kim heç nədən soğartalanmayıb”.
Deputat deyib ki. Rauf Həbibovun qalmaqala səbəb olan çıxışının səsləndiyi iclasda iştirak etməyib, iclasın çəkiliş kasetinə də tam baxmayıb: “Yalnız internetdə yayılan videoya baxmışam. Bunu da bütün Azərbaycan, qubalılar bilir”.
“Sizcə Qubanın keçmiş icra başçısı Rauf Həbibova da cinayət işi açılmalıdırmı” sualına Yevda Abramov belə cavab verib: “Əgər keçmiş icra başçısının müəyyən günahları sübuta yetirilibsə, təbii ki, istintaq orqanları keçmiş başçı üçün də iş açar. Amma hesab edirəm ki, elə bir arqument tapılmır. Çünki indi üzə çıxır ki, internetdə yayılan videorolik ümumi mətindən götürülüb, konteksdən çıxarılıb və qubalıları aşağılayan cümlələr saxlanmaqla yayılıb, orada tam məzmun verilməyib. Ola bilər ki, mübtədanın arxasında olan xəbər, tamamlıqlar başqa məna daşıyıb. Amma insanlar emosiyaya qapıldılar, tələm-tələsik bu işə başladılar. İndidən sonra buna qiymət vermək istintaq orqanının işidir”.
Yevda Abramovun fikrincə, Qubada baş verən hadisələrlə bağlı indidən sonra görüləcək işlər hamısı istintaq məsələsidir: “Necə nəfərin həbs olunmasını, dindirilməsini yalnız istintaq orqanları deyə bilər. Məndə olan məlumata görə 25 nəfərə yaxın şəxs Bakıya gətirilib, iki-üç gün burada saxlanılıb, dindirilib və azad olunublar. Hazırda səkkiz nəfərə həbsdədir. İstintaqın gedişindən xəbərim yoxdur və xəbərim də olmalı deyil”.
Modern.az